Efsane-B.-E.

Qaçdı

Səhər çağı qaçdı gözlərimin yuxusu,
Qaçdı o qumlu sahilə, küləklər şəhərinə.
Bir az qaçdı-tutdu oynadıq,
Özümüzə bircə anlıq bir sevinci qıymadıq.
Kimdən qaçırdıq bilən yox, bizi ki, qovalayan yox.
Bəlkə hicrandan, göz yaşıyla dolu olan gələcəkdən qaçırdıq.
Bir az yuxumu qaçıranı danladım, bir az da özümü.
Dedilər ki, şükür et, yuxun qaçıb,
Başqalarının bilirsən nəyi qaçıb?!
Şərəfi qaçanı, vicdanı qaçanı var,
Çörəyi atlı olub, süfrədən küsəni var.
Qaçan çoxdur, dərəylə, üzən çoxdur bərəylə.
İllərdir, taleyinin, bir könül sevgisinin dalınca qaçanlar var.
Ölümlərdən, o dünyadan üzü aşağı qaçan var,
Sevinci saplağından üzüb, bizi bizdən ayıran var.
Dünyamızı alt-üst edib, at kimi çapanlar var.
Qaçan çoxdur, qovan da çox,
Mərdi namərd edən də çox.
Çalış, qaçma bu dünyada,
Heç nə umma bu dünyada.
Yuxu qaçır, qoy desinlər ki, dəlidir.
Növbə qaçır, qoy desinlər ki, fərsizdir.
Yuxu qaçırdın eybi yox, təki sevincimi qaçırma,
Əlindəki-ovcundakı bir udumluq taleyimi qaçırma,
Bu dünyadan mənə düşən, bir gülüşü qaçırma.

22.01.2014

Kimiyəm

Evsiz tənha quş kimiyəm,
Budağından yaşlar axan,
Zalım əlin doğradığı
Yaralı ağac kimiyəm.

Yağışsız bulud kimiyəm,
Səhra həsrət bir damcıya.
Kimsəyə faydası yoxdur,
Zirvədə lap qar kimiyəm.

Bu əlim o əlimə baxar,
Əl yellədib, halım sorar.
Hamıya əliaçığam,
Özümə zalım kimiyəm.