***
Könül vəsf eləmir ölümü çox vaxt.
Azalt əzrayıla duanı, gözəl.
Şəklimi vururblar dar ağacına,
Mən çox gözləmişəm bu anı, gözəl.
Vida yaylığımı yellədiyin, qız?
Yaxası qızarır danımın, tez gəl.
Kölgəm biçarənin tapdığı kətil,
Edam kötüyüdür canımın, tez gəl.
Bu qədər ağlama, gözlərim bezir,
Bir ovuc havadı xoş xəyallar da…
Nə məğzi bilinir, nə vergülü yox,
Ta künc yazısıdı xoş xəyallar da.
Harama öyrətmə əlini, nolar…
Mizrab toxunmamış simsən, divanə.
Di gəl, halallaşaq, kəndir nəmlənib,
Bir Tanrı biləcək kimsən, divanə.
***
Sev məni, demirəm bir ovuc eşq ver,
Sev ki, hisslərimə rəng vura bilim.
Nə çox söndürürsən telefonu, qız,
Xətti açıq qoy ki, zəng vura bilim.
İblis də yan ötür, mələk də, neynim?
Kim töksün aşımın duzunu axı?!
Sən mənə demişdin muğayat olum,
Qurban kəsəcəklər quzunu axı…
Nar kimi çatlayır baxışım hərdən,
Sən də, elə bil ki, şüşəsən, canım.
Yaman tərs baxırsan uzaq səmtlərə,
Bəlkə yad gözlərdən düşəsən, canım?