1947680_476081245851632_228659506_n

TƏRCÜMEYİ-HAL

Sərvər KAMRANLI (Kamranlı Sərvər Rəhman oğlu) 1987-ci il mart ayının 12-də Yardımlı rayonunun Dağüzü kəndində ziyalı ailəsində anadan olub.
1993-2004-cü illərdə Aslan Eyvaz oğlu Kərimov adına Yardımlı rayon
Dağüzü kənd orta məktəbdə təhsil alıb.2005-2006-cı ildə ordu sıralarında hərbi xidmətdə olub.
Şeirləri və məqalələri müntəzəm olaraq “Oxu məni” qəzetində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

BİLİRSƏN, AY GÖZƏL NƏ ISTƏYIRƏM…

Bilirsən, ay gözəl nə istəyirəm?
Tək məni sevməyin adətin olsun.
Adımı eşitcək sevinc göz yaşı
Qara gözlərinin qisməti olsun.

Qatma, gəl, sevgimə hicran qəmini,
Eşqimlə qoşa tut daim eşqini.
Yaşayıb mənimlə vüsal dəmini
Həsrətə ömürlük nifrətin olsun.

Saf, təmiz sevginlə bəsləyib məni,
Bütün gözəllərdən gizləyib məni,
Allahdan duanda istəyib məni
Bəxtinə yazmağı niyyətin olsun.

DODAQ SUSUR,GÖZ DANIŞIR

Baxdıqca sənin şəklinə,
Dodaq susur, göz danışır.
Əlim çatmayır əlinə,
Dodaq susur, göz danışır.

Həsrətindən gilə-gilə,
Göz yaşlarım dönür selə.
Dözmür artıq, gəlir dilə,
Dodaq susur, göz danışır.

Sənlə olan o günləri,
Ötüb keçən o illəri,
Ürəyimdən keçənləri
Dodaq susur,göz danışır.

Durmur, rahat qalmır yenə,
Sözlə dolu olan sinə.
Səni görəndə əksinə
Dodaq susur, göz danışır.

GÖZLƏRİNƏ QOŞULAN NƏĞMƏM

Sənin gözlərinə mahnı qoşmuşam…
Sözlərin mən yazdım, bəstəsin eşqim.
Səni – səndən gizli oğurlamışam,
Müqəssir mən oldum, təqsirkar sevgim.

Sən mənim ömrümə heç gəlməmişdən,
Tənhaydım,yalqızdım…Sonunda bezdim.
Əl açdım göylərə, sevgi istədim,
Rəsmini mən cızdım,boyadı RƏBBİM.

Sevgi dünyasında hakim bilmədim,
Yolumu tez azdım, gör, nələr etdim!
Qıymadım bu fani dünyaya səni,
Qəbrini mən qazdım, məzarın qəlbim…

ZAMAN HƏMİN ZAMANDIR!

Demə həyat dəyişib, demə dövran dəyişib,
Demə dünya namərdlə pis əməldə birləşib.
Haqq sözü gücdən düşüb, yalan deyən gücləşib.
Dünyanı gözdən salan şeytan ruhlu insandır,
Zaman həmin zamandır.

Aldanırıq zahirən gözəl olan kəslərə,
Dəyər də heç vermirik qəlbi gözəl şəxslərə.
Yad elli kömək etməz, arxa olmaz bizlərə,
Qaranquş gəldi –gedər, sərçə eldə qalandır,
Zaman həmin zamandır.

Nəfsimizə köləyik, bəşər yaranan gündən,
Şeytana aldanmışıq, qovulmuşuq cənnətdən.
Şöhrətpərəst insanlar əl çəkərmi şöhrətdən?!
Ta məzara getməsə, çətin, gözlər doyandır!
Zaman həmin zamandır.

Kamranlı çox görübdür, yaltaq olan üzləri,
Həqiqətə yumulan, kor olmayan gözləri.
Qəlbləri parçalayan, dildən çıxan sözləri.
Ox yayından çıxıbsa, günahkar ox atandır,
Zaman həmin zamandır.