1958034_571552409618430_496232646_n

Nofəl ÜMİD (Qədimov Nofəl Yurist oğlu) 1985-ci il yanvar ayının 26-da Ağdərə rayonunun Umudlu kəndində anadan olub.1991-2002-ci illərdə Tərtər rayon 6 saylı orta məktəbdə təhsil alıb.Baki Abadliq Xidməti MMC-də işləyir.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

YOLUNU GÖZLƏDİM

Sən getdin, qəm aldı qoynuna məni,
Çökdürdün ömrümə dumanı, çəni.
Fələk də gətirdi saçıma dəni,
Hər gecə əllərim uzandı göyə,
Yolunu gözlədim, dönərsən deyə.

Sən getdin, səninlə getdi bu ürək,
Həsrət acısında bitdi bu ürək,
Söndü, daşa döndü, itdi bu ürək,
Köksüm buz bağladı… Bilirsən niyə?
Yolunu gözlədim, dönərsən deyə.

Bir sevgi yaratdıq saysız, qədərsiz,
Birgə addımladıq dərdsiz, kədərsiz.
Niyə getdin axı,bu eşq bəhərsiz.
Qoymadım qəlbimə yad nəfəs deyə,
Yolunu gözlədim, dönərsən deyə.

“Ayrılaq” söylədin, qırıldı qolum,
Sanki son mənzilə açıldı yolum.
Nədir bu iztirab, qurbanın olum,
De, kimə dəyişdin məni, de, nəyə?!
Yolunu gözlədim, dönərsən deyə.

01.02.2010

MƏN SƏNİ SEVDİMKİ…

Mən səni sevdim ki, eşq dünyasının,
Qəlbə məlhəm olan şərbətin dadım.
Ürəkdə yurd salmış qəm dəryasının
İçində sönməyən sevinc oyadım.

Mən səni sevdim ki,könül bağçama
Sevginin nurundan ətir yayasan.
Səni sevmədim ki,məni tərk edib
Kövrək ürəyimi yetim qoyasan.

Mən səni sevdim ki, qalan ömrümü
Sənli duyğularla vuraram başa.
Bahar arzusuyla gəlmişdim sənə,
Bu cavan ömrümü döndərdin qışa.

Mən səni sevdim ki, kədərdən uzaq,
Xoşbəxt ömür sürüm bu qərib yerdə.
Mən səni sevdim ki, sevdim ki, səni
Həm yanımda görüm, həm saf qəlbimdə.

Mən səni sevdim ki, o gözəlliyi
Əbədi, xoşbəxt bir ömrə qərq edim.
Səni sevmədim ki, təklikdən bezib,
Zamanım gəlməmiş məzara gedim.

03.03.2011

ZƏFƏR BAYRAĞI

Şuşa haray salıb, qorxmaz igidlər,
Toplanıb vətənçün göstərək hünər!
Hücumda inamla qazanaq zəfər,
Dığaları boğaq qan dənizində,
Bayraq asmalıyıq Cıdır düzündə!

Çəkim ürəyimə yurdun nəfəsin,
Yığılsın yollardan gözü hər kəsin,
Anama gətirim zəfər müjdəsin.
Qürur cilvələnsin “Oğul!” sözündə,
Bayraq asmalıyıq Cıdır düzündə!

Elim, sənsiz qanad aça bilmirəm,
Nə haraya, haya qaça bilmirəm,
Şadlanıb göylərə uça bilmirəm,
Dözmürəm gördükcə kədər gözündə,
Bayraq asmalıyıq Cıdır düzündə.

29,04,2011

SÖNMƏSİN, ALLAH!

Qartal o dağların yaraşığıdır,
Büdrəyib düzlərə enməsin , Allah!
Sevən ürəklərdə bahar çağıdır,
Dərdi lala döndər, dinməsin,Allah!

Neçə ocaqlara kədər gətirdik,
Neçə könüllərdə həsrət bitirdik.
Mərdliyi, saflığı vaxtsız itirdik,
O günlər geriyə dönməsin, Allah!

Nofələm, Dərd adlı dərin ümmanam,
Düzü, həqiqəti çətin ki danam.
Saf sevgi, düz ilqar, bir də ki inam
Qəlblərdə yaşasın, sönməsin,Allah!

03.03.2011