Category: Azərbaycan ədəbiyyatı

  • Mayisə ƏSƏDULLAQIZI.”Şəhid Rövşən”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    29 may, 1976-cı ildə, Cəlilabadın Zopun kəndində anadan olmuş, 23 fevral, 1997-ci ildə, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan Abiyev Rövşən Mailxan oğluna həsr olunur.

    Bu torpaqda şəhid kimi yatmısan,
    Qəhrəmanlıq zirvəsində dayandın.
    Layla olub, qızılgülə batmısan,
    Qönçə ikən, haqq səsinə oyandın.
    Dedin ki, həyatda yaşayırıqsa,
    Vicdanla, qeyrətlə yaşayaq, qoşa.
    Kişilik adını daşıyırıqsa,
    İgidlik asanca gəlməyir başa!
    Vətən qeyrətini dərd eləmişdin,
    Düşmənə güllələr getməyib boşa.
    Axı niyə belə çox tələsmişdin?
    Fələk atlı oldu, ömür tamaşa.
    İgid Rövşən, dağ çayıtək daşmısan,
    Ruhun qarşısında biz baş əymişik.
    Şəhid kimi zirvələri aşmısan,
    Qan boyamış köynəyini geymişik.
    Şücaətin yayıldı bu dünyaya,
    Ruhun döyüşlərdə bizə sipərdir.
    İgidliyin yetdi günəşə, aya,
    Şəhidlik kişiyə böyük hünərdir!!

  • Müzəffər MƏZAHİM.”Gərəkli dostum”

    mm

    Bu gün-iyul ayının 31-də dostum, gözəl insan, Qarabağ müharibəsi qazisi Zabit Dadashlinın doğum günüdür, Zabit qardaşımı səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar diləyirəm.

    Dostum Zabit Dadaşlıya

    Çətindir hər kəsin karına gəlmək,
    Hamıya sevdirdi özünü Zabit.
    İşi, əməlilə qazandı hörmət,
    Qoydu ürəklərdə izini Zabit.

    Qəlbində hamıya məhəbbət, qayğı,
    Üzündə itməyən təbəssümü var.
    Böyüyə-kiçiyə tükənməz sayğı,
    Qanında müdriklik təcəssümü var.

    İnsanlıq, nəciblik ali məramı,
    Sadəlik bəxtinə düşən xəzinə.
    Qatmaz bir-birinə halal-haramı,
    Haqqı çıraq tutar daim özünə.

    Vətən sevgisiylə döyünür qəlbi,
    Qazilik əbədi yolu, məramı.
    Paltarı mülkidir, ürəyi hərbi,
    Qəti qələbəyə sınmaz inamı.

    Açıqdır ürəyi, safdır niyyəti,
    Halal bərəkətli, çörəkli adam.
    Sönməyən mayakdır səmimiyyəti,
    Hamıya, hər yerdə gərəkli adam.

  • Müzəffər MƏZAHİM.”Qəlb odu gərək”

    mm

    Göz yaşı ürəkdən süzülər , axar,
    Kiprikdən qopdusa , yanaqda durmaz.
    Hər şeyin öz yeri , öz məqamı var,
    Meyvə yetişdisə budaqda durmaz.

    Fələk öz işində , – qan-qadasında,
    Sevinc əsir qalıb qəm adasında,
    Ağa günahından , qul xatasından,
    Tanrı kərəmindən qıraqda durmaz.

    Təndir soyuqdursa kündə neyləsin,
    Mərd ,
    namərd işlədən fəndə neyləsin,
    Allah dağıdana bəndə neyləsin,
    Özülü çürük ev dayaqda durmaz.

    Hər ocaq başında isinməz ürək,
    Üzü ağ eləyər halal duz-çörək,
    Duyub anlamağa qəlb odu gərək,
    Sevənlər bu oddan uzaqda durmaz.

  • Deyişmə: Mais TƏMKİN və Yeganə BAĞIROVA

    13680962_499983670199067_4228894131617573269_n

    Mais Temkin

    Sevgimiz, eşqimiz zirvələr aşa,
    Arzu-istəyimiz çıxmasın boşa.
    Seyr edək dünyanı, gəl gəzək qoşa,
    ,,Mən də rahatlaşım, sən də rahatlaş.”

    Əllərim şəlalə telində gəzsin,
    ,,Can” sözü bal-şəkər dilində gəzsin.
    Qolum kəmər olub belində gəzsin,
    ,, Mən də rahatlaşım, sən də rahatlaş.”

    Nə mən həsrət çəkim, nə sən qəm yemə,
    De, sənsiz könlümü mən açım kimə?
    Ürəyim nə umsa, ancaq ,,yox” demə,
    ,,Mən də rahatlaşım, sən də rahatlaş.”

    Qoymayaq ümidlər gül kimi sola,
    Könlümüz qüssədən, kədərdən dola.
    Sarıl, qollarını boynuma dola,
    Mən də rahatlanım, sən də rahatlan.

    Yegane Bagirova

    Siz çox istedadlı mən isə tənbəl
    Mən də şair idim bundan çox əvvəl
    Qələmi qoy yerə bir azca dincəl,
    Mən də rahatlaşım sən də rahatlaş.

    Mais Temkin

    Qələmi mən necə de, yerə qoyum?
    Qəm didir bağrımı hey oyum-oyum.
    Çəkilək xəlvətə, olaq qol-boyun,
    Mən də rahatlaşım, sən də rahatlaş))

    Yegane Bagirova

    Bu sevgi menimçün böyük bir əsər
    Mən bütün dostlara vermişəm dəyər
    Xəlvətə çəkilsək çəkər içxəbər
    Məndə rahatlaşım səndə rahatlaş?

    Rahatlıq nədir ki xəlvətdə olsun
    Bir gün o rahatlıq qismət də olsun
    Rahatlıq olursa cənnətdə olsun
    Mən də rahatlaşım sən də rahatlaş.)))

    Mais Temkin

    Bir gözəl guşədə, cənnətməkanda,
    Olanda , rahatlıq tapırsan onda.
    Sevgimiz çağlasın damarda, qanda,
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Gəl çıxaq gəzməyə çəmənə, düzə,
    Oturaq üz-üzə, baxaq göz-gözə,
    Sevənlər qoy qibtə eyləsin bizə,
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Yarın xumar baxan gözü cənnətdir,
    Ləbləri, nur saçan üzü cənnətdir.
    Vüsala yetməyin özü cənnədir,…
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Könlümü gətirdin təbə ilhama,
    Bəs ağzım, de, nə vaxt gələcək tama?)))
    Qovuşaq vüsala,xoş arzu kama,
    Mən də rahatlaşım, sən də rahatlaş.))

  • Vüsal YURDOĞLU.”Bu dünya”

    vy

    Bu dünyanın yaşı yaşdan yuxarı,
    Babaların babasıdır bu dünya.
    Sevgilərin doğulduğu səhərdir,
    Soyuq hicran gecəsidir bu dünya…

    Kamı kamdan ayrı salan fələyim,
    Qəlbi qırıq şairlərin dostudur.
    Keçmişimə dəfn olunub diləyim,
    Daş üstündə daşı durmur, yaşlıdır…

    Dolayıbdır öz çərxinə hamını,
    O, yıxıbdır başımızın damını.
    Dəyişibdir zaman-zaman donunu,
    Özü heç vaxt dəyişməyib bu dünya…

    Zalımlara xoşbəxt həyat yaşadıb,
    Təmizləri yarı yolda tək qoyub.
    Gecələri bayquşları oxudub,
    Qorxaqların ürəyinə şəkk qoyub…

    Durnaları yollarından saxlayıb,
    Qış içində yaza dönüb bu dünya.
    Gözəllərin namusunu alıbdır,
    Çirkin, murdar üzə dönüb bu dünya…

    Qəfəs olub neçə igid oglana,
    Azad gəzir cahilləri, pisləri.
    Bu dünyadan baş açmıram, ay ana,
    Əyri olub bu dünyanın düzləri…

    Yurdoğlunun ürəyində dağ olub,
    Dağ başında qartal olub bu dünya.
    Baxılanda bəhər verən bağ olub,
    Bağı satan bağban olub bu dünya…

    Ölkələri ayırıbdır, satıbdır,
    Halallığı haramlığa qatıbdır.
    Ölənlərin gözlərində itibdir,
    Qalanlarçün görən, varmı bu dünya?!

    Varsa, harda qalıb onun şahidi?
    Əcdadımız sultan idi, şah idi.
    Sevənlərin ürəyində ah idi,
    Sevməyənə nə var, nə yox bu dünya…

  • Vüsal YURDOĞLU.”Narahat ruhlar”

    vy

    Hər gecə bir ömrün sonu kimidir,
    Hər gecə sakitlik çökür şəhərə.
    Danışan dillərə kilid bağlanır,
    Açarı atılır dərinliklərə…

    Yenə ruhlar sürünür arxamca,…
    Rahatlıq axtarır nakam ürəklər.
    Yenə kədər gəzir mənim dalımca,
    Dondurur qəlbimi soyuq küləklər…

    Sükutun içində gəzən gözlərim
    Qaranlıq dünyada işıq axtarır.
    Ruhları tapıram mən öz yolumda,
    Bilmirəm, bu yollar hara aparır?!…

    Ölûmlü dünyada yaşayan insan,
    Sinədə bir ürək daşıyan insan,
    Ruhunu verdiyi kəsi axtarır…
    Axtarır…, tapmamış, ölüm onu tapır…

    Qəflətən bir ömrün min-min arzusu
    Amansız ölümün qurbanı olur.
    Sevincli, işıqlı sayılan dünya
    Nakam ürəklərin zindanı olur…

    Arxivə atılır keçdiyin həyat,
    Bir heçə çevrilmək belə asanmış.
    Yasına verilir ömrünün yazı,
    Meydandan belə tez çıxmaq da varmış…

    Gözlərə inanan sadəlövh biri
    Canından keçəcək sevgi uğrunda.
    Qəlblərin aynası yalan desə də,
    Üzün göstərəcək öz üsulunda…

    * * *

    Sevgiylə ölümün arasındakı
    Səddləri keçmişəm səni sevməklə.
    Oxudum özümə öz ürəyimi,
    Nəyi qazanmışam səni sevməklə?!…
    *****
    Həyatda yolunu tapa bilməyən
    Çətin tapa bilsin istədiyini.
    Kiminsə dalınca sürünsə belə,
    Tale verməyəcək gözlədiyini…
    *****
    Heyrətə gətirmir bu ruhlar məni,
    Bir gün mən onlara qarışacağam.
    Qarışıq həyatım, – qarışıq yuxu,
    Səni yuxum kimi unudacağam!…
    *****
    Susuram daha…
    Susuram, səssizlik mənim ruhumu
    Özüylə aparır getdiyi yerə…
    Gedərəm bu yolun sonuna qədər,
    Sevginin gözümdən itdiyi yerə…
    *****
    Bəzən dayansam da yol ortasında
    Heç donub qalmaram, narahat olma!
    Sənlə keçirdiyim dəqiqələrə
    Yas da saxlamaram, narahat olma!…
    *****
    Əgər fikrim getsə çox uzaqlara,
    Gözümü dikdiyim qara yollara
    Mən də öz ruhumla yoldaş olaram…,
    Nakam ürəklərə sirdaş olaram!…

    * * *

    Nə yaxşı ki, bu gecə
    Tək deyiləm bu yollarda…
    Nə yaxşı ki, yaşayıram,
    Sürünsəm də bu yollarda…
    Yaşayıram məhəbbətlə,
    Yaşayıram ümidlərlə,
    gələcəklə yaşayıram!…
    *****
    Hər gecə bir ömrün sonu kimidir,
    Hər səhər bir körpə doğula bilər.
    Bütün qapıları açar məhəbbət,
    Yuxular bir anda çin ola bilər…
    *****
    Yenə ruhlar sürünür arxamca,
    Rahatlıq tapacaq nakam ürəklər.
    Kədər gələ bilməz mənim dalımca,
    Mənə qanad verir ilıq küləklər!…

  • Vüsal YURDOĞLU..”Üç il keçdi”

    vy

    Sənsiz qaldığımdan üç il də keçdi,
    Getdi ömrümüzdən üç qış, üç bahar.
    Bu sevgi nağıl tək keçmişə köçdü,
    Geriyə mən qaldım, bir də almalar!

    Üç il, hər birisi həsrət düyünü,
    Olmadı bəxtimin düyünün açan.
    Gördüm dost toyunu, qohum toyunu,
    Görmədim özüm tək sevgidən qaçan.

    Bəli, doğru dedim, qaçdım sevgidən,
    Etibar etmədim, ürək vermədim.
    Səni bu həyatda itirən gündən,
    Kimisə sevməyi gərək bilmədim.

    Unuda bilmədim, nadan olmadım,
    Əziyyətə layiq bildim özümü.
    Səni sevdiyimi heç vaxt danmadım,
    Sən isə yollarda qoydun gözümü.

    Səbəbkar axtarma, səbəb istəsən,
    Bütün olanlara özün səbəbsən.
    Tanrı duasına qıyğacı baxan,
    Barmaqla göstərən zalım birisən.

    Tələsdim, tez verdim sənə qəlbimi,
    Uşaqlıq eşqimi, diləklərimi.
    Var olub həsrətin çəkdirə bildin,
    Getmisən, bu qədər bəsin deyilmi?

    Yurdoğlu yaşardı eşqinlə onda,
    Eşqinə qarşılıq dərd, kədər verdin.
    Ürəyi bir yanda, özü bir yanda,
    Onu tək qoymaqla axı neynirdin?

    Ağrılar içimdən dinir hər axşam,
    Nakamlıq diləyim heç olmamışdı.
    Sən məni tək qoyub getdiyin zaman,
    Ürəyim ümiddən kor qalmamışdı.

    Getdin, üç il keçdi, unutmadım ki,
    Keçmiş arzuları, xatirələri.
    İndi hər nəğmədə yaşayıram mən,
    Sənsiz mövsümləri, sənsiz günləri.

    Mən qaçdım sevgidən sənsiz qalandan,
    Qorxdum, inanmadım heç bir qadına.
    Görəsən, özünlə birgə qalanda,
    Hərdən düşürəmmi sənin yadına?!

    Sənsiz qaldığımdan üç il də keçdi,
    Getdi ömrümüzdən üç qış, üç bahar.
    Bu sevgi nağıl tək keçmişə köçdü,
    Geriyə mən qaldım, bir də almalar…

  • Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

    abdullamuellim

    Dəyişən bir sənsən,bir də ki zaman,
    Yer də həmən yerdir,göy də həmən göy.
    Sənin bu dünyayla işin olmasın,
    Yetər,deyindiyin arxasınca hey!

    Bir damla göz yaşın sonda ölən köz,
    Dilinlə gor eşmə ürəyim də sən.
    Dünən sevincimə şərik olan,qız,
    Bu gün kədərinlə ürəyimdəsən.

    Əllərim bulaşır göz yaşlarına,
    Alın yazısıdır-göz yaşı deyil.
    Qucub dizlərini hönkürmə belə,
    Dizlərin eşqinə baş daşı deyil.

    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Tanrım,məni o dünyaya bağışla”

    abdullamuellim

    Bu dünyanı talan-saldı düyünə,
    Allı-güllü yalan saldı düyünə.
    Köçən köçdü,qalan qaldı bu günə,
    Tanrım,məni o dünyaya bağışla.

    Kimə baxsan-ürək dolu,göz dolu,
    İş görəndən vəd verən çox-söz dolu,
    Sevinənim,gülənim yox göz dolu,
    Tanrım,məni o dünyaya bağışla.

    Nə insaf var,nə mürvət var dünyada,
    Haqqı danan hərəkət var dünyada,
    Daşdan çıxan bərəkət var dünyada,
    Tanrım,məni o dünyaya bağışla.

    Əsəbini çəkmə belə tarıma,
    Ölüm haqdır-Haqqı danıb zarıma!..
    Bu dünyada bu üz ki var-qarımaz,
    Tanrım,məni o dünyaya bağışla.

    Ürəkli yox dayaq olsun birliyə,
    Yersiz gəlib divan tutur yerliyə.
    Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
    Tanrım,məni o dünyaya bağışla.

    Yaxşı nə var-yığışır əl-ayağı,
    Məzarlaşır mərd böyüdən qucağı.
    Dərd üyüdən dəyirmandır ocağım,
    Tanrım,məni o dünyaya bağışla.

    Bu dünyanın əzabı bol qəbirdən,
    Kəfəni al,mayası tərs xəmirdən,
    İkiəlli yapışdığım səbirdən,
    Tanrım,məni o dünyaya bağışla!

    Azərbaycan.Quba.
    16.09.2000.
    Ps. 21-23.07.2001-ci ildə “Ekspress” qəzetində çap olunmuşdur.

  • Mais TƏMKİN.”Gəl, hakim ol ürəyimə”

    10646868_273655359498567_6620189188081019440_n

    Sənin kimi bir mələklə,
    Ömür sürəm xoş diləklə.
    Mən ömrünü gül-çiçəklə
    Gərək bəzəyəm, qadası.

    Uzaqdasan, yetmir əlim,
    Bir gün səslə, uçub gəlim.
    Bir az çılğın, bir az həlim,
    Bir az məzəyəm, qadası.

    Tapıb bir yol ürəyimə,
    Gəl, sakin ol ürəyimə.
    Süzülüb dol, ürəyimə,
    Könlü kuzəyəm, qadası.

    Sözümdə bütövəm- tamam,
    Bu sevdada yanan şamam.
    Deyirsən eşqimdə xamam,
    Axı təzəyəm, qadası!

  • Şəfa VƏLİYEVA.”Mənə yalan danışdılar…”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mənə yalan danışdılar…
    İnandım…
    Sənsiz ömrün bu başından
    O başınacan qaçdım…
    Sən deyil,
    Məni çobanyastığı aldatdı…
    Sən getdin…
    “Uç-uç baba”lar da qayıtmadı…
    Yay gəldi…
    Hər ad günümdə bir hədiyyə;
    Bir il daha sənsizliyə…

  • Polad SABİRLİ.”Varmış”

    Polad Sabirli

    Aman Allah, ömrümüzün,
    Zili varmış, bəmi varmış.
    Həm sevinci, toy, büsatı,
    Həm kədəri, qəmi varmış.

    Duyğu qəlbin bar-bəhəri,
    Dilimin qəndi, zəhəri.
    Yerli-yersiz həm qəhəri,
    Həm könlün xoş dəmi varmış.

    Gözlər oxdur, qəlb kamanı,
    Qəlbin eşqsiz yox sahmanı.
    Başımın sevgi dumanı,
    Gözlərimin nəmi varmış.

    Kaş sevilsin, sevsin ürək,
    Polad xeyir biç, xeyir ək.
    Aqillərin sayı tək-tək,
    Nadanların cəmi varmış.

    23.03.2015

  • Polad SABİRLİ.”Umacağım yox”

    Polad Sabirli

    Qovurdu qorğatək oynatdı yaman,
    Həyat sıxa-sıxa yaşatdı məni.
    Nə qədər can atdım vermədi aman,
    Güldürə-güldürə ağlatdı məni.

    Sevgidən dolanda gözümün yaşı,
    Dəryanın üstündə şeh imiş sanki.
    Tüstümdən alışdı bağrımın başı,
    Üzümə toxunan meh imiş sanki.

    Özgəyə oxşamaq həvəsi ilə,
    Özümü itirib dönmədim yada.
    Hər kəsə yaxşılıq müjdəsi ilə,
    Əlimi uzadıb yetişdim dada.

    Şərəflə yaşadım, ucaldı başım,
    Əhdə dürüst oldum, sözümə düzgün.
    Məni aldatmadı zənnim, yaddaşım,
    Keçmişdən dərs aldım, gələcək üçün.

    Varmı başa düşən, hanı bəs duyan?
    Mən qayğı göstərdim, qayğı ummadım.
    Üzüm ağ, başım dik, qəlbimdə iman,
    Haqsızlığı görüb göz də yummadım.

    Polad söhbət edir şeirin dilindən,
    Mərhəmət umana qaşqabağım yox.
    Əlhəzər laqeyid, bədxah əlindən,
    Sevgidən savayı umacağım yox.

    03.02.2015

  • Polad SABİRLİ.”Ol”

    Polad Sabirli

    Ürəyimdə dağ olan kəs,
    Kürəyimdə gəlib dağ ol.
    Ay üzümə ağ olan kəs,
    El içində üzüağ ol.

    Daş, kəsək atma önümə,
    Yetiş dada, çat ünümə.
    Şərik oldun xoş günümə,
    Pis günümə gəl ortaq ol.

    Deyə-deyə yalan-palan,
    Keçən keçdi oldu olan.
    Mənəm yanan, qeydə qalan,
    Yaxşı saydın məni, sağ ol.

    Mən incidim, sən incimə,
    Baxıb sevin, dürr, incimə.
    Polad, qoşul sevincimə,
    Xoşbəxt yaşa, min budaq ol.

    27.05.2015

  • Müzəffər MƏZAHİM.”Səcdə qıl”

    mm

    İslamın açarı, sirri namazdır,
    Uca yaradanla o bir təmasdır.
    Sən sığın namaza, tək Allahı gör,
    Aləmlərin rəbbi, ulu şahı gör.
    Haqqa qovuşmağın şifrəsi namaz,
    Allahın ən varlı süfrəsi namaz.
    Burda turlu-türlü hər neməti var,
    Rəhməti, rəğbəti, mərhəməti var.
    Qapısı açıqdır hər zaman, hər an,
    Əliboş qaytarmaz, olma nagüman.
    Qəlbən istəyənin gülər arzusu,
    Artar bərəkəti, daşar ruzusu.
    Dinlə məhəbbətlə azan səsini,
    Bəndənin Allaha eşq nəğməsini.
    Sülhə, hürriyyətə çağrışdır azan,
    Birlik, əminlikdir, barışdır azan.
    Saflığa çağırır müsəlmanları,
    Yoluna qaytarır yol azanları.
    Səcdə qıl müqəddəs qibləgahına,
    Allahın nur seli axsın ruhuna.

    Iyul 2013.

  • Müzəffər MƏZAHİM.”Ürəyi günəş atam”

    mm

    Mən onun evladıyam …
    Zəhmətkeş bir atanın,
    Eşqınin , həvəsinin
    alovuyam , oduyam.
    Nəzərimdə hünərin,
    mərdliyin ,əzəmətin
    ölməz rəmzidir atam.
    Hər yanda , iftixarla
    öyünürəm bu ada.
    Bu ad arxam, dayağım,
    bu ad cəsarətimdir.
    Bu həyat yollarında
    yenilməz qüvvətimdir.
    Bu adın işığında
    gələcəyə baxıram.
    Qürurla səhər- axşam
    mərd əlləri sıxıram.
    O qabarlı əllərin
    torpaq , bərəkət ətri
    mənə həyat veribdir.
    O qabarlı əllərin
    qurub- yaratmaq əzmi
    mənə qanad veribdir.
    Ata-qüdrət qaynağım,
    Ata – yanar ocağım.
    Dözüm ,qüdrət heykəlim,
    təsəlli umacağım.
    Şe’ri, sənəti sevən,
    Işi,zəhməti sevən,
    Hallalığa baş əyən
    bir nəslin oğluyam mən.
    Nəsihət boxçasından
    bolluca pay götürdüm.
    Hörməti , məhəbbəti
    nə dandım nə itirdim.
    Gözləri tox, üzü ağ,
    ürəyi günəş atam.
    Arzusu göylər kimi
    sahilsiz , geniş atam.

  • Aşıq Ədalətin külliyyatı hazırlanır

    azab

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə tanınmış aşıq, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun repertuarı yazıya alınacaq, külliyyatı işıq üzü görəcək.

    Bu barədə AZƏRTAC-a AAB-dən məlumat verilib.

    Aşıq Ədalət saz havalarının bənzərsiz ifaçısı kimi şöhrət qazanıb. Onun ifaları dünyanın bir çox ölkələrində ən mötəbər məclislərdə dinlənilib. Saz sənəti bu böyük sənətkarın sayəsində ən uca zirvəyə çatıb.

    Külliyyatın payız aylarında təqdimatı keçiriləcək.

    Mənbə: http://www.azertag.az

  • Azərbaycan aşıqları beynəlxalq folklor festivalına qatılacaq

    azab

    Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyulun sonu, avqustun əvvəllərində keçiriləcək VII “Dağlılar” Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında Azərbaycan aşıqları da iştirak edəcək.

    Azərbaycan Aşıqlar Birliyindən (AAB) AZƏRTAC-a verilən məlumata görə 12 nəfərdən ibarət nümayəndə heyətimiz artıq Mahaçqalaya yola düşüb. AAB-nin katibi Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev və Babək Şahbazov, balaban ustaları Əziz Ağacanov və Səfər Mehdiyev, nağaraçalan Nemət Rəhimov daxildir.

    Bildirilib ki, aşıqlarımız festivalda geniş proqramla çıxış edəcək, Azərbaycan aşıq sənətinin zənginliyini və möhtəşəmliyini özündə əks etdirən aşıq havalarımızı səsləndirəcəklər.

    Mənbə: http://www.azertag.az

  • Sumqayıt poeziya klubunun yeni ünvanı

    1500

    Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan Poeziya klubunun artıq yeni ünvanı müəyyənləşib.

    İdarədən AZƏRTAC–a bildiriblər ki, mərkəz artıq Poeziya evi kimi fəaliyyət göstərəcək. Artıq Poeziya evinin binasının üzərinə onun yeni adını əks etdirən lövhə də vurulub.

    Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubu 1990-cı ilədək müxtəlif mədəniyyət evlərinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərib. Poeziya evi ilə bağlı qərar şəhər ictimaiyyəti tərəfindən təqdirlı qarşılanıb.

    Mənbə: http://www.azertag.az

  • Polad SABİRLİ.”Yaxşılıq itməz”

    Polad Sabirli

    Haqq, nahaq kül deyir oda bəzisi,
    Oda da kül deyən tapılır hərdən.
    Nədənsə çatmayır dada bəzisi,
    Yetişmir imdada ikidən, birdən.

    Özgənin səhvindən ibrət almışam,
    Mən özüm o səhvi etməyim deyə.
    Çox oda yanmışam, qeydə qalmışam,
    Yaddaşlarda qalım, itməyim deyə.

    Həzər daş altında yatan ilandan,
    Hədyan danışandan, şər söyləyəndən.
    Özümü qorudum şirin yalandan,
    Sənə dostam deyib hər söyləyəndən.

    Kağıza əyildim, əlimdə qələm,
    Sözümə ağayam, sözü bütövəm.
    Çəkirəm söz yükün, ağırdı şələm,
    Sözün dünyasında odam, kösövəm.

    Çuxurunu axıb tapdı hər vaxt su,
    Qayğısız ürəyin gileyi bitməz.
    Dəmyə torpaqlara hopdu hər vaxt su,
    Polad, yaxşılıq et, yaxşılıq itməz.

    16.07.2015

  • Polad SABİRLİ.”Məni”

    Polad Sabirli

    Yazıq dilim heç nə deyə bilməyir,
    Sən də üz-gözümdən duymursan məni.
    Mənəm-mənəm demir, öyə bilməyir,
    Aləmə car çəkib yaymırsan məni.

    Nə yaxşı rast gəldin, çıxdın qarşıma,
    Canım da fədadı can sirdaşıma.
    Yalvara-yalvara dönüb başıma,
    Heç kimə vermirsən, qıymırsan məni.

    Sağ olsun yaşasın söz duyanlarım,
    Məni düz anlayıb, düz duyanlarım.
    Nə yaman çoxalıb göz qoyanlarım,
    Mən də elə bildim saymırsan məni.

    Poladam, dolandım, gəzdim dağ-dərə,
    Bu boyda zəhməti gəl vurma yerə.
    O çiçək üzündən çəkməyə şirə,
    Yaman insafsızsan, qoymursan məni.

    24.09.2015

  • Mayisə ƏSƏDULLAQIZI.”Hisslərim ruhuma bürünüb”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Mən sənin olacaqdım,
    Gördüyün haqsızlıqlardan,
    Səni ovundurmaqçın.
    Mən sənin olacamqdım,
    Çəkdiyin acıları sənə unutdurmaqçın…
    Mən sənin olacağdım,
    Gecə yarı jaləyə sığınmaqçın…
    Kasıba var-dövlət göstərən milyoner kimi,
    Ehirasını göstərdin və qeyb oldun…
    Getdin, itdin, bitdin, gecənin zülmətində…
    Mələfəyə bürünən qızılı saçları,
    Dağınıq geyimsiz qadın kimi.
    Hisslərim ruhuma bürünüb!
    Lal, dinməz gecələrdə, masamda şam olub,
    Yanıb-yanıb, sönüb.
    Yatağımda alov olub sürünüb!
    Mən sənin olacağdım,
    Gördüyün haqsızlıqlardan ,
    Səni ovundurmaqçın.
    Mən sənin olacağdım,
    Çəkdiyin acıları sənə unutdurmaqçın…

  • Mayisə ƏSƏDULLAQIZI.”Bəlkə”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Tanrının qisməti axı bir deyil,
    Mən də bəxtimdə belədi, neynək.
    Gül-çiçəkli bağa salıram meyil,
    Toxunub sevgidən ruhuma köynək.

    Axı neyləmişdim, fələk mən sənə?
    Ayrılıq ağırdı, pisdi, çətindi.
    Bir qara ləkədi, sevgiyə tənə,
    Qəlbimi bir payız üşüdür indi.

    Mən necə inanım, fələk sayana?
    Düzələr işlərin arxası bəlkə?!
    Tanrı qol qoyubsa, getsəm hayana,
    Sevgidi ruhumun yaxası bəlkə?!

  • Gülnarə MAHMUD.”Ana”

    gulnaraxanim

    Başının üstündə boynubükük bir ana,
    Telefontək “dünyan” var… Ovsunlanmısan ona.
    Ayıl! Başını qaldır! Gör ətrafda var nələr?
    Olma, girib “dünyana” bu dünyadan bixəbər.

    Sənin kimi övladçun ağarıb qara saçı,
    Gənclik tərk edib onu, həyat olubdur acı.
    Sənə görə əyilib sərv boynu, şux qaməti,
    Qalmayıb çöhrəsində gəncliyin təravəti.

    Dayanıbdır qarşında əlində ağır zənbil.
    Ağbirçək hər qadını, hər ananı anan bil!
    Yükün ağırlığından əyilib çiyinləri,
    Heç düşünmür özünü, yola salır illəri.

    Çox qocalıb…Zənbili güclə saxlayır ana,
    Doqquz ay yükündən də çox ağır gəlir ona.
    Gözlərindən bəllidir içindəki yorğunluq,
    Acısın hiss etdirir əllərindəki suluq.

    Gözün “gəncliyə” dikmiş, halı olmuş dərbədər,
    Əzmi sanki əyilmiş qamətilə bərabər.
    “Gənclik” baxmır “keçmişə”, düşünmür gələcəyi,
    Maraqlı deyil ona, gəlmişi-gedəcəyi.

    Elə bu an ayıltdı, səksəndirdi hər kəsi,
    Səslənincə efirdən operatorun səsi.
    Ana bir az toxtadı, rahatladı siması,
    Görününcə onündə “Gənclik” stansiyası.

  • Polad SABİRLİ.”Sinəmdə”

    Polad Sabirli

    Eşqimdən danışan, dastan yaradan,
    Çalınmayan sazım qalıb sinəmdə.
    Ruhumdan süzülən, dilimi tutan,
    Batman-batman sözüm qalıb sinəmdə.

    Ömrümü boş yerə vermədim yelə,
    Eşq üçün əridim mən gilə-gilə.
    Bir anda yandırıb döndərər külə,
    Tərpətməyin, közüm qalıb sinəmdə.

    Daha istəmirəm dərdi, gileyi,
    Sevgini, nifrəti, bilmirəm nəyi.
    Sinəmdən aparın yuyub hər şeyi,
    Dözə bilmir dözüm qalıb sinəmdə.

    Qaşıma sinəmin yarasın, qardaş,
    Yarsan dərd görərsən arasın, qardaş.
    Dərd aldı ömrümün yarısın, qardaş,
    Neçə-neçə yozum qalıb sinəmdə.

    Tək göz muncuğudur gözüm sinəmə,
    Yağ kimi yayılır sözüm sinəmə.
    Polad, vurulmuşam özüm sinəmə,
    Gözüm düşüb, gözüm qalıb sinəmdə.

    26.11.2015

  • Polad SABİRLİ.”Mənə qaldı”

    Polad Sabirli

    Əvvəl-axır bildim, geci-tezi var,
    Kim üzün çevirdi, kim mənə qaldı.
    Çoxundan umsamda olmadı simsar,
    Gözümü göynədən nəm mənə qaldı.

    Saxladım imanı, qorudum dini,
    Zərrə-zərrə yığdım topladım mini.
    Ətrafdan aldığım sevgini, kini,
    Həm əlimdən verdim, həm mənə qaldı.

    Kimdi bal yerinə içən zəhəri,
    Ah çəkdim, yerindən oynatdım yeri.
    Gülsə də bir gözüm, ağladı biri,
    İşə bax, hər işdə kəm mənə qaldı.

    Polad, addım-addım çoxdur güdənim,
    Cücərsin toxumum, göyərsin dənim.
    Təpədən dırnağa eşqdir bədənim,
    Bəs niyə axırda qəm mənə qaldı.

    23.11.2015

  • Mayisə ƏSƏDULLAQIZI.”Rəssam Səttar”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Qonşumuz olmuş, Xalq rəssamı, rəhmət-lik Səttar Bəhlulzadəyə ithaf edirəm…

    Yadımdadı, balaca bir qızcığazdım,
    qayğılardan uzaq idim,
    Həyatın sərt gərdişindən, dərd-qəmindən
    iraq idim,
    Oyanardım məhlədəki qoşa minarə məscidin
    hər səhər azan səsinə,
    Rəhmətlik İbad babamı da görərdim namaz
    üstədi,
    Üz tutub Haqq qibləsinə…
    Dan yeri də ağarardı yavaş-yavaş,
    O vaxt qorxardım gecədən,
    Artıq yox olubdu təlaş…
    Oyanardım günəş işiq saçan kimi,
    Sevinərdim, tumurcuqlar açan kimi.
    Çünki indi məktəbə yollanacaqdıq,
    Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə
    oxuyacaqdıq…
    Görəcəydik biz qonşu Səttar əmini,
    Rəssam da bizi görən tək atacaqdı
    dərd-qəmini…
    Deyərdi ki, balalarım, kim əgər “beş”
    qiymət alsa,
    onun rəsmini çəkəcəm,
    Dünyanın rəng butasından ona çələnglər
    hörəcəm!
    Yığışardıq vaxt olanda Səttar əminin başına,
    Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
    Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
    təkrarsız barmaqlarına!
    Hərdən isə nə danışar, nə dinərdi,
    Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
    saatlarla düşünərdi…
    Xəyalən dünyanı Səttar sehrli rəng butasında
    parlaq mayaktək görərdi!
    Sadə idi, heç sevməzdi şan-şöhrəti,
    Rənglər dünyasıydı varı-dövləti…

  • Mayisə ƏSƏDULLAQIZI.”Dünyamızın sevgi nağılı”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    İllərin qəmini daha atmışam,
    Kədəri dəryada mən batırmışam.
    Sübhə kimi xəyallara dalmışam,
    Dünyamızın sevgi nağılıyam mən.
    Yazdığın nəğməyə ilham vermişəm,
    Girmişəm qəlbinə, doğma bilmişəm.
    Gəl əl-ələ verək qorxma, gəlmişəm,
    Ürəyini aldım oğruyammı mən?
    Ömür ötüb keçir sən bir dərdə bax,
    Açılmayıb vallah hələ qaşqabaq.
    Görməmisən belə yuxu, belə baxt,
    Görəsən bu yolda döğruyammı mən?

  • Müzəffər MƏZAHİM.”Hanı o qüvvə”

    mm

    Ən böyük dərddir Vətən məhbəsə , zindana dönə.
    Əl-qolu bağlı oğullar ürəyi qana dönə.
    Yağı düşmən dərbəylik edə yurdunda sənin.
    Onda tükdən asılar taleyi məhkum Vətənin.
    Vətən övladı döyüş , güc sənə haqdan düşəcək.
    Yetişən meyvə dərilməsə budaqdan düşəcək.
    Bil , sənin haqq səsinə haqqı sevənlər gələcək.
    Yurdun azadlığı dan ulduzu tək hey güləcək.
    Qərq edə bilməyəcək xalqımı böhtanla yağı.
    Çünki qeyrətdir , cəsarətdir bu yurdun dayağı.
    Hansı dildə Vətənə “sevgili canan” deyilib ?
    Hansı xalqın və zaman qətlinə fərman deyilib ?
    Hanı o qüvvə Vətən eşqinə qalib gəlsin ?
    Hanı o bəndi- bərə daşqına qalib gəlsin ?

  • Müzəffər MƏZAHİM.”Haqqa layiq ol”

    mm

    El içində saf dolan , pak adla xoş niyyət qazan,
    Ol ləyaqət timsalı , səksiz səlahiyyət qazan.

    Olma şöhrət , var əsiri , çünki yoxdur faydası,
    Axirət dünyasına hazırla yük , xeyrət qazan.

    At lovğalıq hissini , ol sadə bir Allah bəndəsi,
    İnsan ol , insanlara hörmət elə , biət qazan.

    İstəsən könlün firavan , ömrün olsun çox rahat,
    Ol şirindil , qəlbi saf, hər kəslə ünsiyyət qazan.

    Ömür Allahdan mükafatdır , Müzəffər , düz yaşa,
    Haqqa layiq ol , döyüş nəfsinlə , hürriyyət qazan.

  • Polad SABİRLİ.”Görmüşəm”

    Polad Sabirli

    Baxmayıb çətinə, ağ-qarasına,
    Tikəsin yarıya bölən görmüşəm.
    Məlhəm neyləyəcək söz yarasına,
    Sözündən yıxılıb ölən görmüşəm.

    Şairin şeirdir, sözdü var, yoxu,
    Söz yoxsa hədəfdən yayınar oxu.
    Ürəklə gözünü yaşardar çoxu,
    Ürəksiz gözünü silən görmüşəm.

    Köz üstə qovrulur köz-közdü ürək,
    Toxunma yandırar alovdan əl çək.
    Odu söndürəcək, oda dönəcək,
    Yaxşı ki, sevgiyə güvən görmüşəm.

    Gördüyü hər işin əlhəmin tutan,
    Ləngərin saxlayan, yöndəmin tutan.
    Sanbalın qoruyan, həmdəmin tutan,
    Eşqin məbədinə dönən görmüşəm.

    Gözdən pərdə asan, pərdələnən də,
    Bəxtindən küsən var, bəxt güləndə də,
    Polad, tonla gəlir dərd gələndə də,
    Dərddən havalanıb gülən görmüşəm.

    28.11.2015

  • Polad SABİRLİ.”Dərdi”

    Polad Sabirli

    Hər gün bir dərd doğa-doğa,
    Canım çəkib başa dərdi.
    Gördüm ki, dağ çəkdi dağa,
    Mən də çəkdim dişə dərdi.

    Söz ruhuma gəlir göydən,
    Duya bilməz yoldan ötən.
    Ömrüm boyu mənimlə mən,
    Bir çəkmişəm qoşa dərdi.

    Su torpağa necə hopur,
    Dərd də məni elə tapır.
    Ah çəkəndə yer, göy qopur,
    Necə verim boşa dərdi.

    Bu dünyada cənnətimlə,
    Öz-özümə rəğbətimlə.
    Qürurumla, qüdrətimlə,
    Döndərmişəm daşa dərdi.

    Dərd əlindən etdim təlaş,
    Öz içimdə yavaş-yavaş.
    Bulaq olub gözümdə yaş,
    Gətirməsin xoşa dərdi.

    Dərd keçirib mən qarmağa,
    Ova çıxdım söz tutmağa.
    Təbim də söz yığa-yığa,
    Yaman tutub tuşa dərdi.

    Polad, duyub bilməkdənsə,
    Havalanıb gülməkdənsə.
    Günah edib ölməkdənsə,
    Səssiz-küysüz yaşa dərdi.

    19.12.2015

  • Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər

    hesret

    YAŞADIM

    Ömrü böldüm fəsillərə, aylara,
    Yarpaq-yarpaq, gilə-gilə yaşadım.
    Sinə gərdim dağlar boyda dağlara,
    Ağlamadım, gülə-gülə yaşadım.

    Qovuşmağa son addımı atmadım,
    Bir günahsız günahına batmadım,
    Ilk sevginin vüsalına çatmadım,
    Həsrətini şələ-şələ yaşadım.

    Sevənlərə vüsal, murad dilədim,
    Yaxşılara canım qurban elədim,
    Üşüyəni nəfəsimə bələdim,
    Göz yaşını silə-silə yaşadım.

    Dəstə-dəstə kürəyimə düzməyə,
    Daşdan çıxan çörəyimə düzməyə,
    Muncuq təki ürəyimə düzməyə,
    Dərdlərimi dələ-dələ yaşadım.

    Haqla oldum anrı-bərim olmadı.
    Simuzərim, ləl-gövhərim olmadı,
    Demirəm ki, heç xəbərim olmadı,
    Mən bu ömrü bilə-bilə yaşadım.

    15.05.16

    TORPAĞAMMIŞAM

    Deyirdim adamam palıd gövdəli,
    Kökləri quruyan budağammışam.
    Illərin payızı saraldıb tökən,
    Ayaqlar altında yarpağammışam.

    Yiyə durammıram yazıq sözümə.
    Boylana-boylana qalıb üzümə.
    Nifrət eləyirəm özüm özümə,
    Gözlərimə girən barmağammışam

    Saxlaya bilmədim əlimin üstdə,
    Həyat dərdi yığdı belimin üstdə,
    Güclə saxlayıram dilimin üstdə,
    Söz öpüb oynadan dodaqammışam.

    Taleyim, iqbalım getdi yatmağa,
    Ümidim qalmayıb əlim çatmağa,
    Haçansa düşəcək ölüm tutmağa,
    Dünyaya atılmış qarmağammışam.

    Doğulub ölürük qanuna bir bax,
    Gedəndə geydiyi donuna bir bax,
    Bir insan ömrünün sonuna bir bax, .
    Ilahi, bir ovuc torpağammışam.

    20.05.16

  • Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər

    hesret

    ÇİÇƏKLƏYİR

    Fəsillər qarışıq düşüb qəlbimdə,
    Yazın ortasında qar çiçəkləyir.
    Süzülür gözümün al gilələri,
    Elə bil üzümdə nar çiçəkləyir.

    Həsrət dəstə-dəstə qolumun üstə,
    Boşdan dolu yağır dolumun üstə,
    Hayana gedirəm yolumun üstə,
    Tələ pöhrələyir, tor çiçəkləyir.

    Göz yaşı içində cücərir qəm də,
    Boğulur insanın sevinci nəmdə,
    Sözləri doğmamış ölən sinəmdə,
    Başdaşı göyərir, gor çiçəkləyir.

    Qüssədən, kədərdən gen ürəyimdə,
    Indi dərd-qəm gəzir şən ürəyimdə,
    Gəlmə alışarsan sən ürəyimdə,
    Alov yarpaqlayır, qor çiçəkləyir.

    Həyat aparmadı de nələrimi,
    Yarımçıq saxladı nəğmələrimi,
    Demə ki qurutdum ümidlərimi,
    Sula göz yaşınla gör çiçəkləyir?

    03.05.16

    DƏRGAHINA

    Görmək istəyirəm səni, İlahi,
    Varımdı bir neçə söz dərgahına.
    Mənə bir yol göstər sənin yanına,
    Diz üstə gələcəm düz dərgahına.

    Sənin səxavətin, kərəmin çoxdu,
    Səni mənim kimi sevənin çoxdu.
    Bilirəm gələnin-gedənin çoxdu,
    Məni də növbəyə yaz dərgahına.

    Zikr eləmək olub adını peşəm,
    Hərdən elə olub qəm də yemişəm,
    Mənə nə vermisən şükür demişəm.
    Heç vaxt etməmişəm naz dərgahına.

    Bu yeri, bu göyü sənsən yaradan,
    Seçmək istəyirəm ağı qaradan,
    Əlim ətəyinə toxunsun bir an,
    Bir azca söykəyim üz dərgahına.

    Dünyada qalacaq dünyanın varı,
    Könlümdən keçəni qoy deyim barı,
    Niyə bəyənmirsən sağ adamları,
    Öldürüb çəkirsən öz dərgahına?

    04.05.16

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    scb

    Dünya!

    Sənin üzünə heç ağ olmuşammı?
    Məni üzüqara eləmə, dünya!
    Hər işdə üzümü ağ et, bəsimdir,
    Könlü para -para eləmə, dünya!

    Sakitcə işimi görüb gedirəm,
    İzninlə meyvəndən dərib gedirəm,
    Bir nəfəs misralar sərib gedirəm,
    Ruhumu biçara eləmə, dünya!

    Nə olsun atasız, anasız təksən,
    Sevgi verə bilsən, eşq görəcəksən,
    Yetimin başına bir sığal çək sən,
    Qəlbini dərd yara eləmə, dünya!

    Dünən qarşıma çıxdın,
    Ürəyim dağa döndü.
    Sevincimdən az qala
    uçdum göyün qoynuna.
    Bir anlığa unutdum,
    Həsrətli uçurumu.
    Xatırladım gecdən gec,
    həyatın acısını.
    Susdura bilmədim ki,
    Qəlbimin sancısını.

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    scb

    Vəfasız!

    Mənsiz ürəyində çoxmu boğuldun,
    İntihar etdimi tər xəyalların?
    Günəşsiz sabahın necə açıldı?
    Mənimlə başlardı hər xəyalların.

    Məni misra-misra öldürmədinmi?
    Qiyamət qopdumu dirilim, gəlim?
    Lal baxış dilləndi, sən dillənmədin,
    Mənim də sevməyə getmədi əlim.

    Vəfasız, de görüm, indi necəsən?
    Ruhunu titrədən qadın bəs hanı?
    Halı pərişansan, çoxmu incidin?
    Nə bildin, üzəndə günahsız canı?

    Hər dəfə əsəndə dəli küləklər,
    Qıyılı gözlərin yadıma düşür.
    Gecə ay işığın yaydıqca yerə,
    Bilirəm, ruhumuz yenə görüşür.

    Ərköyündür məhəbbət,
    Bir dodaq büzməyi var.
    Od saçan baxışıyla,
    Gözləri süzməyi var.

    Ərköyündür məhəbbət,
    Qapını çırpa bilir!
    Könlünə dəyən olsa,
    Küsüb yola düzəlir.

    Ərköyündür məhəbbət,
    Aşiqlər dözsün gərək.
    Əhdinə vəfalıdır,
    Kəsmişdirsə duz-çörək.

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgi həmdəmim”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Sən orda, mən burda, bu insafmı heç?
    Kəsir yolumuzu həsrət, kədər, qəm.
    Vüsal gah yaxında, ya tez, ya da gec,
    Səslər ikimizi gözlərində nəm.

    Ürəkdi yaşadan saf məhəbbəti,
    Ömrümə gecikmiş sevgisən gülüm.
    Bu zərif ürəyin çoxdu qüdrəti,
    Alışan sevgini gərək mən bilim!

    Bahar bənövşəsi, dağların qarı,
    Daha bu qəlbin yox nə dərdi, qəmi.
    Sən mənim ömrümün dövləti-varı,
    Ey mənim könlümün sevgi həmdəmi!

  • Mayisə ƏSƏDULLAQIZI.”Dünya”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Üzümüzə gülən dünya,
    Qərinələr səndən keçdi,
    Qəddimizi əyən dünya,
    Sevilməsək, sonra gecdi!

    Birinin baxtına yazdın,
    Birinin taxtına yazdın,
    Kimə vaxtsız məzar qazdın,
    Kiməsə şan-şöhrət verdin!

    Gəl bizi dindirmə belə,
    Hikkəni yeritmə elə,
    İnsan köçün vermə selə,
    Qərinələr itdi-getdi!!!

  • Rahilə DÖVRAN.”Ağdamım mənim”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    QARABAĞ ƏDƏBİYYATI

    Unutmayaq- Bu gün Ağdamın işğalından 23 il keçir…

    Dünyanın məhvəri pozulan zaman,
    Əsib qara yellər, qopanda tufan.
    Kəmfürsət, pis yağı vermədi aman,
    Kafirlər cəm olub, kəsildi qənim,
    Oldu bağrı talan, Ağdamım mənim.

    Qalxdı düşmən üstə öz hünəriylə,
    Şəhidi, qazisi,oğul, əriylə.
    Şeytan fitvasıyla,iblis şəriylə,
    Odlandı, kül oldu, cənnət gülşənim,
    Əl- qolu bağlanan, Ağdamım mənim.

    Tanklarla şumlandı damı, daşları,
    Al qana boyandı vətəndaşları.
    Gözlərdə qurudu, dondu yaşları,
    Qanla qüsul oldu çölüm, çəmənim,
    Köməksiz, tək qalan, Ağdamım mənim.

    Heç baxan olmadı tökülən qana,
    Uydular şöhrətə,ucuz ad- sana.
    Ağdam getdi bada, kürsüdən yana,
    Qəhr olmuş, atılmış, bəxtsiz vətənim,
    Gözü nəmli,nalan, Ağdamım mənim.

    Indi zaman bizə, türkə işləyir,
    Dağım da, daşım da, intiqam deyir.
    Tezliklə söylərik”sabahın xeyir”,
    Çəkilər üstündən dumanın, çənin,
    Dövran deməz yalan, Ağdamım mənim.

  • Rahilə DÖVRAN.”Xəyallarım”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Götürüb xəyallarımı
    qapadacağam,
    Qaranlıq tənha bir otağa.
    Qoymayacağam məni götürsünlər,
    gah arana,gah da dağa.
    Xatirələrimə qoyacağam qadağa.
    Deyəcəyəm:-yetər artıq,
    məni rahat qoysunlar.
    Gecəsi-gündüzü olmayan,
    üzülmüş xəstə canınımı.
    cəllad kimi az soysunlar.
    Bəlkə onda rahat düşünəm,
    rahat yazam,rahat yaradam.
    yaxamdan əl çəksin
    nisgilim,dərdim,qadam.
    Baş barmağın isladaraq,
    xəyallarım bir-birini,
    varaqlasın varaq-varaq.
    Xatirələr bəhsə girsin,
    əlli yaşlı bir yaddaşı oyadaraq.
    Həmin otaq mənsiz belə,
    dönəcəkdir mənlə dolu
    bir dünyaya.
    Həvəslənmiş xəyallarım,
    qağayıtək baş vuracaq
    gah dənizə,gah da çaya.
    Bu otağa toplaşacaq görün-
    kimlər?…
    açılacaq çoxlu sirlər,
    qırılacaq neçə illik tilsimlər.
    Uşaqlığım,cavanlığım,uzaq keçmiş,
    neçə şirin,neçə acı
    anlar,günlər,aylar,illər,
    Sanki bunlar yoxmuş,heçmiş.
    Bir də ,həyata keçməyən,
    nə qədər arzum.
    Sevdiklərim tərəfindən
    tapdanmış haqqım,
    basılmış çörəyim,duzum.
    Sığışmazlar xəyallarım yerə-göyə,
    Qoy özləri mənsiz qalsın,
    baş çəksinlər bir-birinə,
    qapıların döyə-döyə.
    Istərlərsə, bir-birini söyə-söyə.
    Təki məndən əl çəksinlər,
    tənha qalım özüm ilə.
    Xidmət edim Yaradana,
    xidmət edim vətənimə,
    qələmimlə,sözüm ilə…

  • Nəriman Zeynalzadəni doğum günü münasibətilə təbrik edirik! (25 iyul 1954-cü il)

    HƏLƏ ÜRƏYİNDƏ DƏRDİ CAVANDI

    Titrədi əlində qələm-kağızı,
    Misrası cavandı, bəndi cavandı.
    Qonşu məhəllədə bir qız görübdü,
    Sevgidə cücərən dəndi, cavandı.

    Nə qədər havanın dəmin tutacaq,
    Zilini tutacaq, bəmin tutacaq,
    Nakam bir sevginin qəmin tutacaq,
    Sərəcək sinəyə, tərdi, cavandı.

    Ömrümü, günümü yaşadı mənə,
    Dərdim ki, tək deyil, qoşadı mənə,
    Vallahi, bu oğlan oxşadı mənə,
    Hələ ürəyində dərdi cavandı.

    01.05.2016

    O QIZI ALMAĞA PULUM OLMADI

    Kəsəcək yolumu məhlə uşağı,
    Gəldim ki, almağa dərs küçənizdən,
    Qoy axsın üstümə ağzımın qanı,
    Bilərək gəlmişəm tərs küçənizdən…

    Bazarlıq etdilər bəzi atalar,
    İçi boş, sevgisiz ürək satdılar.
    Elə bil qoyunun yağlı yerindən,
    Kəsib tikəsini itə atdılar.

    Sevgi var ucuzdur, qəpiyə dəyməz,
    Sevgi var villalı, içi bahalı.
    Bir kəsin görməyən, duya bilməyən,
    Ürək gəzdirirəm içi yaralı.

    Həyat yıxdı məni, üzüstə gəldim,
    Sevgimə çatmağa yolum olmadı.
    Qarıdı, qocaldı, soldu arzular,
    O qızı almağa pulum olmadı.

    23.04.2016

  • Polad SABİRLİ.”Duyğular, düşüncələr”

    Polad Sabirli

    Hər söz gəzdirənin, ağzı göyçəyin,
    Felinə uymadım, düşmədim tora.
    Qanqalın, tikanın, gülün, çiçəyin,
    Şirəsini çəkdim, yetişdim kara.

    Qabığım soyuldu, çıxdım dərimdən,
    Adımı qoruyub saxlamaq üçün.
    Kimlər gəlib keçdi həndəvərimdən,
    Mənə tən olmaqçün, haxlamaq üçün.

    Ağzımdan, dilimdən ələnib keçir,
    Xəlbirdən ələnən dən kimi sözüm.
    Sözbazlar söz gəzir, dilənib keçir,
    Məndən nə istəyir bilmirəm özüm.

    Quluna dönmüşəm arzularımın,
    Arzumla imkanın çox uzaq düşüb.
    Üfüqü görünmür yazılarımın,
    Şeirin hər bəndinə bir boyaq düşüb.

    Elə simsar tapım halıma yansın,
    Polad, təkbaşına baş olan hanı?
    Eynimə gün doğsun nura boyansın,
    Dağılsın başımdan dərdin dumanı.

    25.12.2015

  • Polad SABİRLİ.”Polad şeir oxuyanda”

    Polad Sabirli

    Ruhum yerindən oynayar,
    Damarlarımda qan donar.
    Aləm də nura boyanar,
    Polad şeir oxuyanda.

    Tanrım biri eyləyər min,
    Ürəklərdən silinər kin.
    Mələklər də deyər Amin!
    Polad şeir oxuyanda.

    Qanana var ehtiramım,
    Sarsılmadı heç inamın.
    Aşıb-daşdı da ilhamım,
    Polad şeir oxuyanda.

    Bədxah adamlar ucalmaz,
    Sevən ürəklər qocalmaz,
    Göydə quş da qanad çalmaz,
    Polad şeir oxuyanda.

    Kaş qovuşaydı yara yar,
    Hər bir sevgi verəydi bar.
    Dərdlilər dərdin unudar,
    Polad şeir oxuyanda.

    Oxu Polad, gəlsin səsin,
    Tükənməsin heç həvəsin.
    İmansız imana gəlsin,
    Polad şeir oxuyanda.

    14.10.2012

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgi küləyi”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Uzun oldu bu gecə,
    Bu baharın,yazın oldu bu gecə…
    Qəlbimin həsrət
    Nöqtəsi kiçildi.
    Kədərin boyuna kəfən biçildi.
    Vüsal gülə-gülə yolumu kəsdi,
    Sevgi küləyi əsdi…
    Qəlbi həyəcalı, sevən qadınların,
    Həsrətində, gah sığalın, gah tumarın…
    Bəlkə də, bu sözlərə gülürsən,
    Özünü bu söhbətdən kənar bilirsən…
    Bu sözləri anlayar,
    Hissləri ilə baş qatan,
    Axır murada çatan…
    Düşüb eşqin bəlasına,
    Uyub sevgi laylasına…
    … Qəlbimin həsrət
    Nöqtəsi kiçildi.
    Kədərin boyuna kəfən biçildi.
    Uzun oldu bu gecə,
    Bu baharın, yazın oldu bu gecə…

  • Mayisə ƏSƏDULLAQIZI.”Atılmış körpə”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    …O körpənin təbəssümü,
    Daha görməz bu gecəni.
    Çünki… daha onun uyuduğu
    Boş beşiyi, anası elə
    Körpəsini atdığı kimi, atdı zibilliyə…
    O evdə daha
    Körpə görməz bu gecəni…
    Zülmət qaranlıq isə
    Üşüdər gəlib-keçəni…
    Körpəni zibil yığan baba ilə, polislər
    Çoxdan apardılar,
    Buz bağlamış pilləkandan qopardılar…
    İndi, o körpənin beşiyi də,
    Zibillikdə üşüyəcək,
    Anası körpəsini atdığı yerdən,
    Qaçıb-qaçıb,
    Həyəcandan tövşüyəcək…
    Və bir gün, o körpə böyüyəcək,
    Həyatını öyrənəndə,
    Bu dünyaya inamı da dəyişəcək!!
    O körpənin təbəssümü daha
    Görməz bu gecəni,
    Zülmət qaranlıq isə,
    Üşüdər gəlib-keçəni…

  • Müzəffər MƏZAHİM.”Qorxudur məni”

    mm

    Halaldır üz-üzə vuruşan mərdə,
    Namərdin pusqusu qorxudur məni.
    Həmd olsun Allahın verdiyi dərdə,
    Bəndənin basqısı qorxudur məni.

    Çoxda gözüm yoxdur, aza dözərəm,
    Belimə şəllənən duza dözürəm,
    Hər türlü cəfaya, naza dözərəm,
    Duyğusuz vasvası qorxudur məni.

    Qayıdar özünə etdiyin qarğış,
    Öz bahar ömrünə gətirmə qar-qış,
    Sözü üzə deyən düşmənə alqış,
    Dostların “mus-mus”u qorxudur məni.

    Yenə kosa-kusa saqqal dəbərdir,
    Sülənən nəfsini yala gəbərdir,
    İçi kin-küdurət, əməli şərdir,
    Gülümsər maskası qorxudur məni.

  • Müzəffər MƏZAHİM.”Ləpə və qaya”

    mm

    Şair dostum Camaləddin Əjdəroğlunun
    “Ləpə” şerini oxuyarkən

    İllərlə sahili yudu ləpələr,
    Yaladı qayanı suların dili.
    Bu qayğı, nəvaziş, tumar önündə,
    Ovuldu qayanın əyilməz beli.

    Elə ki, yumşaldı əridi sahil,
    Sular hücum çəkdi, bəndləri yıxdı.
    Yaltaq ləpələrin coşan selinə,
    Qaya təəssüflə son dəfə baxdı.

  • Abdulla MƏMMƏD.”Yurd daşı bağrımı yarır”

    abdullamuellim

    (Didərgin şərqisi,qaçqın harayı silsiləsindən)

    Qəzəb gözdə qara bulud,
    Yurdsuz dərdinə əl çalır.
    Dərd yiyəli yiyəsiz yurd
    Düşmən əlində alçalır.

    Qan ağlayır Həkəriylə,
    Çıxa bilmir yaza yurdum.
    Araz axır qəhər ilə,
    Dərdimi kim yoza,yurdum?!

    Hərə çəkilib içinə,
    Qılınc tək qında korşalır.
    Vətəndə yurdsuz keçinən,
    Özgə havanı gur çalır.

    Kül üfürüb el gözünə,
    Hərə bir cür baş girləyir.
    Haqqı danan-Haqq sözünə
    Yol boyu daş diyirləyir.

    Yurd daşı bağrımı yarır,
    Döndükcə məzar daşna.
    Bir yol özünə gəl barı,
    Ya tök külünü başına.

    Torpaq mənim məzar yerim,
    Son mənzilim,son pənahım.
    Torpaqdan pay olmaz,yeri,
    Allahın olsun-Allahın!…

    Əyil,təmizlə torpağı,
    Yad daşdan,yad tapdağından.
    Ya başından at papağı,
    Ya da yapış torpağından!

  • Abdulla MƏMMƏD.”Dünya”

    abdullamuellim

    “Keçi can hayında,qəssab piy gəzir,”
    Gör kimlər qoynunda yarınır,Dünya.
    Başlılar başını götürüb gedir,
    Başsıza baş olur harının,Dünya.

    Səni duyan kəslər vaxtsız qarıyır,
    Abrına sığınır baxtsız qarıyır.
    Özündən qaçanlar dərdə yarıyır,
    Qoruya-qoruya arını,Dünya.

    Nə var yaşamağa-ürək boşdusa,
    Ürəksiz yanında sözün başdısa…
    Düzə göz yumduğun ehtiyacdısa,
    Zəlzələ dağıdar barını,Dünya.

    Ayıl,bu qəflətdən bir gözünü aç,
    Acın gözü toxdur,toxun gözü ac.
    Qiyamət gününə qalıbmı əlac?
    Soyub talayırlarvarını,Dünya!

    Azərbaycan.Quba.
    10.09.2000.

  • Gənc xanım yazar Şəfa Eyvazın şeiri “Kümbet” dərgisində çap olunub

    KÜMBET DERGİSİ 41

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın “Ehtiyac” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.
    Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: Şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın şeiri
    “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Mayisə ƏSƏDULLAQIZI.”Çiçək satan uşaqlar”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Rayonlarımıza səfər edərkən, yol kənarında dayanıb, yaz-yay aylarında əllərində çiçək tutub satan uşaqlara həsr eləmişəm.
    Göz açıb dünyanı alışan görüb,
    Adəm övladını çalışan görüb,
    Xeyiri şər ilə çarpışan görüb,
    O körpə qəlbində hey haray salar.
    Əkdiyi güllərin qeydinə qalar.
    Əlində gül tutub yol kənarında,
    Bəlkə də ürəyi yanır alovsuz.
    İndidən yer alıb qəm məkanında.
    Bəlkə də çoxdandı çörəksiz-susuz.
    Yaşamaq istəyir o da, adam tək,
    O sinə gərəcək tufana, qara,
    Keçmişi qalacaq bir gülsatan tək,
    Zəfər çalacaqdır qasırğalara!!
    Birinin əlində gül, heykəl olub,
    Gözlərini yumub, yatan görmüşəm,
    Saflığı özünə bir əngəl olub,
    Dərdi-qəm içinə batan görmüşəm!
    O kimdi? Bilmirəm, qəlbiaçıqdı,
    Başqadı, ürəyi, adı, yeri də,
    Gül satıb, haqqını qazanacaqdı,
    Əzəldi saflığı, həm hünəri də!
    Elə çığırır ki, “çiçək var, çiçək!”
    Göylərdə alışan tüstümə gəlin,
    Ürəyində vardı min arzu-dilək,
    Sanki çığırır ki, üstümə gəlin!
    Arzum budur sənin həyat yolunda
    Nə dərdin, kədərin, məlalın olsun,
    Kövrək şairənin dualarından,
    O ananın südü halalın olsun!

  • Mayisə ƏSƏDULLAQIZI.”Bilmirsiniz ki”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    2015-ci il, dekabr ayında baş verən Xəzərdəki faciyəyə ithaf
    Mavi dalğalar qoynunda,
    Dumanlı şəhərim…
    Uzaq ilğımlar boynunda,
    Qaranlıq səhərim.
    Qapa neftim,
    Qara bəxtim…
    Bizi yaşatsa, min illərcə,
    Fırtınalı Xəzərimin
    Mavi gözlü gözəlimin,
    Qəm yaddaşı yaşadacaq…
    Bəlkə, hələ bu fırtına,
    Bizim kimi çoxlarına
    Daş atacaq!!
    Xəzərim də,
    Ruhumuzu
    Min illərcə daşıyacaq.

    Bilmirsiz ki, o fırtına,
    Bizdən sonra dayandımı?!
    Cəhalətlə sürüklənən
    Əqidələr oyandımı?!..
    Bilmirsiz ki,
    Bizdən sonra, evdəkilər
    Acı fəryad qopardımı?!.
    Bizdən uzaq sahillərdə,
    Limanlarda, yol gözləyən,
    Çiçəklərimiz soldumu?!
    Analar saçın yoldumu?
    Bəlkə də,
    Alışıb yanan sözlərə,
    Qan-yaş tökən bu gözlərə,
    Badalaq vuran olacaq!
    Fırtınalı xatirələr,
    Yaddaşlarda qalacaq!
    Fırtınasa,
    Hələ neçə əsrlərin,
    Nəsillərin əllərini sıxacaq!!