mm

Əlimdədir əsrlərin cilovu,
Boz ayğırlı Bamsı Beyrək mənəm, mən
Öz qalam var, öz bərəm var, öz ovum,
Dağda-düzdə əsən külək mənəm, mən.

Özgə yerdə gəzməmişəm izimi,
Yad payına dikməmişəm gözümü,
Bu torpağa sürtə-sürtə üzümü,
Sığal çəkən kövrək-kövrək mənəm, mən.

Vətən dərdi Vətənləşdi sinəmdə,
Vətən eşqi bir atəşdir sinəmdə,
Alov düşdü, saflıq bişdi sinəmdə.
Süfrəsi bol halal çörək mənəm, mən.

Savalanın gədiyindən keçmişəm,
Çeşmələrin bəbəyindən içmişəm,
Yollar çoxdur, dönməzliyi seçmişəm,
Zirvələrdə açan çiçək mənəm, mən.

Tarix özü yollarımı azdırıb,
Hələ öndə vüsal adlı yaz durub,
Taleyimi öz alnıma yazdırıb,
Var səsimlə deyəm gərək “Mənəm, mən”.