mm

Yaşayır xülya içində,
Çırpınır röya içində,
Qalıb bu dünya içində,
Adam darıxa-darıxa.

Dərd, kədər hopub içimə,
Öyrəşmişəm bu biçimə,
Öz didərgin sevincimə,
Yadam darıxa-darıxa.

Ruh bədənə düşən şehdir,
Ömür ötüb keçən mehdir,
Nədir bu yaşamaq cəhdi,
Matam, darıxa-darıxa.

Olacaqlar olacaqdır,
Qəlb boşalıb dolacaqdır,
Çox arzular qalacaqdır,
Müdam darıxa-darıxa.

Olmamışam sənə asi,
Şükürdür ruhun xilası,
Çəkirəm qismətim yası,
Xudam, darıxa-darıxa.

Yaxam illər minnətində,
Tənhayam qəm möhnətində,
Qalıb mehman həsrətində,
Odam darıxa-darıxa.

Tanrı bir gün salar yada,
Deyər: -Oyan bu röyadan,
Bəsdir qaldın bu dünyada,
Qadam, darıxa-darıxa.