mm

Ən uca budaqdan düşdü o yarpaq,
Onda təbiətin bahar çağıydı.
Bu qəfil gəlişdən diksindi torpaq,
Günəşin buluddan doğar çağıydı.

Üşəndim alnımda buz kimi tərdən,-
Ölüm yaranmışın sonuncu borcu.
Qaldırdım bu yarpaq “nəşini” yerdən,
Yarpaq tabutuna döndü ovucum.

Gücümdən ağırmış qəlbimdəki yük,
Çiynimin üstünə qalxmadı əlim.
Gördüm ki, qeyrəti özündən böyük,
Qara qarışqalar köməyə gəlib.

Yarpaq “ölüsü”nü ovcumdan alıb,
Apardı dəfn edə səhər yelləri.
Hələ ağırlığı çiyinlərimdə,
Hələ soyuqluğu ovcumda qalıb,
Əsir ürəyimdə qəhər yelləri.