sevinc

Allah məkandan olduğu kimi, zamandan da müstəqildir.

Yazımın ilk hissəsində materializmin dinə sirayətindən bəhs etmişdim. Qeyd etdiyim kimi, materialist dünyagörüşünün təsiri altında qalan cəmiyyətin böyük bir hissəsi Allah’ın varlığını qəbul etdiyi halda bəlkə də, özləri belə fərqində olmadan, materialistlərin “doğru din” olaraq qəbul etdikləri, əslində isə saxta, Qurani-Kərimdən uzaq bir dini yaşayırlar. Allah’ın səmada olduğuna inanmaq bu yalnış düşüncələrin başında gəlir.

Materializmin təsiri ilə insanların tabe olmağa təşviq edildiyi yalnış inanclarından biri də, Allahın əvvəl bütün kainatı və canlılığı yaratdığı, ancaq sonra heç bir şeyə qarışmadan, hadisələri səmadakı məkanından izlədiyidir. (Allahı tənzih edirəm) Bu yanlış anlayışa görə, insanlar öz müqəddəratını özləri təyin edirlər.

Halbuki, Allah məkandan olduğu kimi, zamandan da müstəqildir. Buna görə də Allah insanları və bütün kainatı yaradan zaman onları keçmişləri və gələcəkləri ilə, yəni qədərləri ilə birlikdə, tək bir anda yaratmışdır. Biz gələcəyimizi yaşamadan bilmirik. Ancaq Allah hər insanın gələcəyini və yaşayacağı hər anı bilir. Çünki bizim hər anımızı, hər danışığımızı, hər hərəkətimizi də yaradan Allah’dır. Yalnış inanclara sahib bəzi insanların zənn etdikləri kimi Allah kainatı yaradıb, sonra öz başına buraxmayıb. Allah kainatda var olan hər canlını başlanğıcları, həyatları və sonları ilə birlikdə meydana gətirib. Bircə yarpağın budağından qopub yerə düşməsindən insanın həyatı boyunca yaşayacağı hadisələrin hamısı Allah’ın təyin etdiyi qədər ilə davam edir. Bu barədə Allah Qurani-Kərimdə:

Qeybin açarları (Allah’ın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın! (Ənam surəsi, 59)
Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.(Səffat surəsi, 96)- deyə buyurur.

Materialist düşüncənin təsiri altında yaşayan insanların bir hissəsi isə Allahın varlığına inansalar belə, cənnət və cəhənnəmin varlığına inanmırlar. Bunun kökündə həqiqət kimi yalnız gözləriylə gördüklərini qəbul etmələri durur. Gözləriylə görmədikləri və ya əlləriylə hiss etmədikləri bir şeyin varlığından əmin olmurlar.

Halbuki, ağılını və vicdanını istifadə edən bir insan üçün, Allah’ın və axirətin varlığına dair hədsiz dəlil var. Canlı həyatın davam etməsi üçün qüsursuz nizamla, bənzərsiz uyğunluqla yaradılan yer üzündə, səmada, bütün canlıların əsas elementi olan hüceyrənin kompleks quruluşunda, rənglərdə, qoxularda, növbənöv canlılarda, möhtəşəm gözəllikdəki təbiətdə Allahın yaratmasının saysız-hesabsız dəlili var. Canlıları qüsursuz şəkildə yoxdan var edən Allah onları ölümlərindən sonra yenidən diriltməyə də qadirdır.
Sağlam düşüncə sahibi hər insan Allahın canlıları ilk dəfə yaratdığını da, onları yenidən diriltməyə qadir olduğunu da dərk edər. Qurani-Kərimdə bu həqiqəti anlaya bilməyənlərdən belə bəhs edilir:

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir, və ya (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı güman edəcəksiniz”. (İsra Surəsi, 49-52)

İnsanların, Allahın Quranda bildirdiyi “ölümdən sonrakı dirilişi” qavraya bilməmələrinin və bu həqiqətə şübhə ilə yaxınlaşmalarının səbəbi, yenə də materialist inancdır. Materialist anlayışa görə insan maddələrin qarşılıqlı təsirindən yaranan bir varlıqdır. Hətta, insanın zəkası, duyğuları kimi maddə ilə açıqlana bilməyəcək xüsusiyyətləri belə materialistlərə görə maddənin qarşılıqlı təsirləri ilə meydana gəlir. Buna görə insanlar yenidən dirilişi maddənin özünü təkrar yaratması olaraq qavrayır və bunun necə baş verəcəyini heç cür anlamırlar. Yəni, yox olan bir maddənin yenidən geri qayıdacağını əsla qəbul edə bilmirlər.

Halbuki yox olmuş və çürümüş bir bədənin təkrar canlanması ən başda insanın yoxluqdan yaradılması kimidir. Yer üzündə bir insana, hətta hər hansı bir canlıya aid tək bir zərrə yox ikən, Allah insanı yoxdan var etmişdir. Bu həqiqəti bilən insanın ikinci dəfə yaradılış barədə “necə ola bilər?” deyə bu şübhəyə düşməsi mümkün deyil.

Digər tərəfdən isə insanı insan edən, bədəni deyil, ruhudur. Yəni insana canlılıq verən 50-60 kq ət və sümükdən ibarət olan bədən deyil, ruhdur. Ölümlə birlikdə insanın bədəni yox olar, ancaq ruhu yox olmaz. Ölüm yalnız insanın ruhunun olduğu məkanın dəyişməsidir, yəni axirət həyatının başlamasıdır. Ruh mövzusunda Allah Quranda bizə belə xəbər verir:

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə Surəsi, 9-11)

Sevinc Haqverdizadə