12607218_940774069370199_1120366057_n

“Günəşin düşmədiyi odalar…”dan

Pərdəsi çəkilmiş otaqda
üşüyən adamlar var –
çılpaq, divardan asılmış,
rəngli çərçivəyə salınmış
adamlar…
Günəşin düşmədiyi bu odada
buz kəsilmiş qəlblər var
çılpaq, sevgisiz
mərhəmətdən çox ötədə…
Sərin duyğular var,
bu qaranlıq çökmüş dörd divar arasında.
Və ümidi tükənmiş arzular yatır
döşəksiz yatağın quru taxta qucağında…

***Bu günün sevgisinə özəl… GÜNÜNÜZ HƏMİŞƏ SEVGİ DOLU OLSUN!

Səninlə yaşlanmaq istəyirəm!
Saçlarına düşmüş bəyazları ovuclarımda qarışdırıb,
İllərin üzündə saldığı izləri
gözlərinə baxıb oxumaq istəyirəm.
Soyuq qış gecələrində qoynuna sığınıb
Əllərimi ovuclarında sıxarkən,
hərarətini duymaq istəyirəm.
Səninlə yaşlanmaq istəyirəm!
Baharın ilk çiçəyini birlikdə qoxulayaq.
Günəşin al şəfəqləri altında ikinci baharımızı yaşayaq.
İlləri, keçən günləri düşünüb fotolardan xatırlayaq…
Sənə qəhvə dəmləyim, acı olsun,
Mənə baxaraq dadını məndən alasan.
Udqunduqca hər qurtumunu
Gəncliyimizdəki illəri təkrar yaşayasan.
Səninlə yaşlanmaq istəyirəm!
Səhərlər çayın ətrinə oyadam səni,
Qucaqlayıb boynundan qoxulayam səni,
Ətrin dolsun içimə, həsrətini çəkərcəsinə
öpüm səni…
Bir payız axşamı qapı döyülsün
Üzümüzdə sevinc hissi ilə yaxınlaşaq qapıya…
Sən de oğlumdur, mən deyim qızımızdır,
Açıb görək ki, üşümüş iki balaca əl, bir cüt göz
Sən demə, gələn nəvəmizdir.
Səninlə yaşlanmaq istəyirəm!
Parklarda gəzintiyə çıxaq, gəncliyi xatırlayıb
İçdən bir təbəssümlü hava udaq.
Əl-ələ gəzən sevgililərdə özümüzü tapaq.
Sevgimiz ilk günki kimi təravətli
Səni gördüyüm ilk yay axşamı qədər hərarətli,
Hələ də…
Kinoya gedək, sənə sığınıb filmə baxım
Film çıxışı dəniz kənarında dolaşıb
o günləri anım.
Səninlə yaşlanmaq istəyirəm!
Ruhumu ruhundan ayırmadan,
Bir gün torpağa qarışıb,
yenidən səninlə doğulmaq istəyirəm!