Şəkil0030

Avtandil AĞBABA

Məmmədov Avtandil İsrafil oğlu-şair, publisist, folklorşünas
Məmmədov Avtandil İsfrail oğlu 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri və elmi məqalələri ilə çıxış edir.Son vaxtlar şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, müxtəlif Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir.Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının müdiridir.“Pöhrə” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Poeziya şöbəsinin Redaktoru seçilmişdir.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsillərini davam etdirən tələbələrin Ədəbiyyat sahəsində elmi məqalələrinə rəhbərlik edir.”Ağbabaya gedən yollar” şeirlər kitabının müəllifidir.
Avtandil Ağbaba həm də ictimai həyatda gənc yazarlara köməklik göstərən geniş qəlbli bir insan kimi tanınır.2007-2012-ci illər ərzində İlham MİKAYIL, Nemət TAHİR, Kənan AYDINOĞLU, Məhəməd KƏRİM, Orxan ZAMAN kimi gənc yazarların ədəbi-bədii nümunələriin Sumqayıt ədəbi mühitində tanınmasında mütəsna rol oynayıb.
Hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetləri ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.

AZADLIĞIN YOLLARI QANDAN-QADADAN KEÇİR

Azadlığın yolları qandan-qadadan keçir,
Şəfqət bizə anadan, qeyrət atadan keçir,
İgid doğulan gündən min cür xatadan keçir,
O əyilməz ölümlə dayansa da, üz-üzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!

Şəhidlərin ruhunu müqəddəs tutmalıyıq,
İncikliyi, küsünü tamam unutmalıyıq,
Hər ağrını-acını kişi tək udmalıyıq,
Hey ağlayıb-sızlamaq, axı nə verər bizə,
Qardaş, başını dik tut, öndədir mübarizə?!

Hardasa nəcib olmaq bəlkə günahımızdır,
Haqq Vətəni özüdür, Vətən sabahımızdır?!
Yenilməyən gücümüz-birlik silahımızdır,
Ağa qara deyənlər bir gün çökəcək dizə,
Qardaş, başını dik tut, öndədir mübarizə!

Biz ki Beyrək nəsliyik şam olub ərisək də,
Azadlıq yollarında zindanda çürüsək də,
Yaxşılığı qaxmayıb, bizi başa, kirisək də,
Ürəklərin haqq səsi salar nahaqqı lərzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!

Araz, Araz deməklə Arazı keçmək olmaz,
Əvvəl-axır Vətəni ikiyə biçmək olmaz,
Bu yurdu xəritəylə, kağızla ölçmək olmaz,
Qızım xonça bəzəyib, götürəcək Təbrizə,
Qardaş, başını dik tut, öndədir mübarizə!

Haqqımız lap nazilib keçsə iynə gözündən,
Zərrə-zərrə nur yığaq həqiqətin özündən,
“Qarabağ şikəstəsi” qalxıb Cıdır düzündən,
İqlimləri dolaşıb nur saçmalıdır ərzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!

ELLƏR, BORÇALIDAN MUĞAYAT OLUN!

Ağbaba dağılıb, Göyçə sökülüb,
Ellər, Borçalıdan muğayat olun!
Xain gözlər indi ora dikilib,
Ellər, Borçalıdan muğayat olun!

Başkeçiddən yollar keçir Sarvana,
TANRI dözməz bu qəm dolu karvana,
Qoymayın ki, kəmfürsətlər davrana,
Ellər, Borçalıdan muğayat olun!

Başımıza bu gələnlər azdımı,
BEYRƏK öz yolunu azdımı?!
QARAYAZI QARAÇÖPDƏN bezdimi,
Ellər, Borçalıdan muğayat olun?!

QARAXAÇ yaylağı min bir gümanda,
Gözləri yol çəkir GÖYDAĞ dumanda.
Bu çətin sınaqda, bu ağır anda,
Ellər, Borçalıdan muğayat olun!

Bölünə-bölünə vətən heç olar,
Hoydu, a qardaşlar, hoydu, bacılar!
Nahaqq haqqı bassa, sonra gec olar,
Ellər, borçalıdan muğayat olun!

Avtandil AĞBABA.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent.