Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin Birinci Qurultatında “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.

ANAMIN ŞƏKLİ

Şəklini asmışam başımın üstən,
Hər gecə anama layla çalıram.
Qara saçlarıma çoxdan düşüb dən,
Onun xəyalıyla nəfəs alıram.

Baxıram şəklinə mən səhər, axşam,
Qəlbimə bir həsrət yağışı yağır,
Sönüb yollarıma nur saçan bir şam,
Onun yoxluğunun nisgili ağır,

Bu payız nə yaman qüssəli gəldi,
Ayrılıq gətirdi durna qatarı.
Ömrümə, günümə qəm fəsli gəldi,
Səpdi zirvələrə ağappaq qarı.

Durna qatarına qoşuldu anam,
Qəlbimi yandırdı bu köç harayı.
Vida nəğməsini oxudu sonam,
Dağıldı məhəbbət, sevgi sarayı.

Daha göz yaşına öyrənmişəm mən,
Səslərin içindən səs eşidirəm.
Diksinib yuxudan qalxıram hərdən,
Canımdan, ruhumdan ayrı düşürəm.

Hər gün gözləyərdi yolumu mənim,
Hər gün ötürərdi evdən çıxanda,
Daha soruşan yox halımı mənim,
Gözlərim yaşarır şəklə baxanda.

CANIM QARDAŞ

Babam yoxdu, nənəm yoxdu,
Atam öldü, nənəm köçdü.
Canım qardaş, bu nə dərddi,
Həsrət gəlib bizi seçdi.

Əmim hanı, dayım hanı?
Itib, batdı karvanımız.
Biz yaşda adam qalmayıb,
Can üstəyik qalanımız.

Itirdik çox doğmaları,
Qəm gətirdi aylar, illər.
Azaldı dostların sayı,
Hanı o obalar, ellər?

Vətəni, yurdu sevənlər,
Axıradək döyüşdülər.
Dünən doğulan uşaqlar,
Təzə sevdaya düşdülər.

Yaddan çıxır yurd yerləri,
Indi hamı bakılıdı,
Hardasan ay yurd yiyəsi?
Bu gecə bir qurd uladı.

Kim qarğıdı Qarabağa,
Yolumuzu duman aldı.
Doğma yurda qayıtmağa,
Qardaş, gör kimimiz qaldi?