DARIXDIM

Darıxdım, darıxdım, yaman darıxdım,
Sənsiz hər bir anım əzabla keçdi.
Səni həsrət ilə gəzdim, aradım,
Gördüm ki, sən yoxsan, bu həyat heçdi.

Daha mənim deyil, ürəyim, canım,
Sevgi bir aləmdi, bir möcüzədi.
Sənsən ömrüm, günüm, sənsən həyatım,
Indi mən bilmişəm sənsizlik nədi.

Üstümə yeridi dünyanın qəmi,
Saldı dərdə, qəmə ayrılıq məni.
Yummadım gözümü səhərə kimi,
Ruhumu üşütdü gözümün çəni.

Allahın bəlası, sən nə imişsən,
Canımı almısan bircə baxışla.
Indi taleyimin sahibi sənsən,
Sənə zalım desəm, məni bağışla.

Gəl ceyran balası, gəl canımı al,
Sənsiz ömrün, günün mənası yoxdu.
Sən mənim tacım ol, tacidarım ol,
Həsrətin, hicranın cəfası çoxdu.

MƏNİM İSTƏDİYİM

Mən də bu dünyanın bir bəndəsiyəm,
Azadlıq aşiqi, haqqın səsiyəm,
Axı nə günahın mən yiyəsiyəm,
Yollarım, izlərim dumandı, çəndi.

Sözüm sərhədləri adlaya bilmir,
Ahım fələkləri odlaya bilmir.
Gözlərim sevınmir, ürəyim gülmür,
Yurd, yuvam dağıldı, ocağım söndü.

Ayrılıq gələndən ömür calaqdı,
Dərd-qəm sinəm üstə qalaq-qalaqdı.
Gözlərim dərd süzən qoşa bulaqdı,
Unuda bilmirəm o doğma kəndi.

Insan qərib yerdə olmaz bəxtiyar,
Hər şeydən əzizdi bu doğma diyar.
Mənim bu dünyadan bir umacağım var,
Mənim istədiyim yurddu,Vətəndi.