Uşaqlıqda
Allah baba vardı.
Gecədən biraz keçən kimi
Gerçək həyatlar yaşanır
Şairlər üzünü göz yaşı ilə yuyur
Tənha qadınlar oyuncaqlarıyla
Baş-başa verərək uyuyur.
Gözləri dolmuş buludlar
Ağlamaq üçün gecəni gözləyir.
Heçkəs görməsin, bilməsin deyə
Dərdini dünyaya gecələr söyləyir.
Uşaqlığımı düşünürəm gecələr
Ey, o zamanlar
Allah baba, oyuncaqlar
Cizgi filmlər vardı.
Sənə yalvardığım vaxtlar
Atamın sərxoş olub
Anamı döydüyü zamanlardı
Uşaqlıqda Allah baba vardı.
Anamın ətəyindən yapışıb
burnumun suyunu axıdarkən
Anama dəyən zərbələr məni
Atamın şilləsindən qoruyardı
Anamın Tanrı olduğu vaxtlardı.
Əvvəl oyuncaqlarımı
Sonra Uşaqlığımı
Ən sonda Allah babanı
İtirdim
Tək qaldım
yoruldum.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.