SİCİLLƏMƏ
Sozümü sırğa et, as qulağından,
Tökülsün min illik pas qulağından.
Bu yanlız bizlərə xas – qulağından
Alıb digərindən buraxanlarıq.
Özgənin payını qap az damaqdan,
Yoxsa əskik olmaz qapaz damaqdan.
Bu gün zövq alanlar qapazdamaqdan –
Deyirlər xanlıqdı bura – xanlarıq.
Əbədi olanı – anla danmazlar,
Öncə varlığını anla, danmazlar.
Özü anlamazlar anladanmazlar,
Desə də yaxamı burax, anlarıq.
OLUNCA
Ömür-gün vədədən keçir,
Qorxudan, hədədən keçir,
Bütün güc mədədən keçir, –
Dişin tamahı olunca.
Bağ-bağçam xəzəl görünür,
Xəzəl nə gözəl görünür.
Dağ olmaq əfzəl görünür,
Yetimin ahı olunca.
Dağ ol, duman-sisin olum,
Yaxşın olum, pisin olum.
Yurdun dilənçisi olum,
Qürbətin şahı olunca…