Məşhur rus rəssamı
K.P.Brüllovun “Türk qızı”
şəklinə baxarkən
O türk qızı başım üstə
Dirsəklənib yatağına,
Qara saçı halə kimi
Dövrə vurub qulağına.
Zər bavtalı qara donu,
Allah, necə tutur onu!
Əyilibdir yana boynu,
Kğlgə düşüb buxağına.
Qaşlar – qara, göz – badamı,
Dəli elər hər adamı.
Bürünübdür gül əndamı
Tirmə şalın saçağına.
Çırtma vursan – yanağından
Axacaqdır sanki qan.
Təbəssümdür, ya həyəcan
Qonub onun dodağına?
Seyr edirəm bu şəkli mən,
Danışacaq sanki birdən.
Türk gəzəli, xoş gəlmisən
Kürçaylının otağına.
Moskva 1950