***
Ömrümün ətirli gül bağçasında
Birdən tufan qopdu, küləklər əsdi.
Günəş də bezikib qəmli həyatdan
Dağlar arxasına yenə tələsdi.
Qəlbimə kədərin ağrısı doldu,
Səadət tərk etdi bahartək məni.
Ömrümün bağçası saraldı, soldu,
Göz yaşı qərq etdi dəniztək məni.
Axır yanağımdan isti göz yaşı,
Süzülüb hər damla bir şəbnəm olur.
Əridir qayanı, mum edir daşı,
Yenə də qayıdıb qəlbimə dolur.
Nə deyim taleyin sönüklüyündən,
Gənc ikən həyatda tez qocaldım mən…
***
Niyə solubsan sən, ey gözəl qönçəm!
Yoxsa sönüb eşqin, həyat istəyin?
Nədən axıdırsan qəm leysanını,
Bəlkə yoxdur sənin dostun, köməyin?
Bir-bir ləçəklərin qopub tökülür,
Vaxtsız xəzan gəlib bahar ömrünə?
Qəlblərə sevinci gətirən sənsən!
Bu kədər yaraşmır gül ləçəyinə…
Sevinc gətirsək də başqa qəlblərə
Özümüz həsrətik gözəl sözlərə…