Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, noyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçının təntənəli yubiley tədbiri keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və kinosuna töhfələrindən danışılacaq, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər göstəriləcək. Tədbirdə sevilən xanəndələrin ifasında musiqilər səsləndiriləcək.
Qeyd edək ki, ədəbi fəaliyyətə 1948-ci ildən başlayan İsa Muğannanın “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. O, bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, ”Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm” və digər kitablarını oxuculara təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.
Mənbə: http://azertag.az