https://b.radikal.ru/b37/1910/85/d6a72d5040a4.png

Xalidə Nuray (İsmayılova) Qələndər qızı 1962-ci ildə Naxçıvan MR, Şərur rayon, Oğlanqala kəndində dünyaya göz açıb. 1969-1979-cu ildə orta məktəbi, 1981-1985-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib. Bir neçə il orta məktəbdə sinif müəlliməsi, 5 il Bağça müdirəsi, 2 il Ali təhsil müəsisəsində (Ali Tətbiqi Elmlər Kollecində) müəllimə işləyib.
2018-cil də nəşr olunan “Xəyallarımın göz yaşı”adlı kitabın müəllifidir. İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır”adlı ikinci kitabı əski əlifbasında yaxın zamanda işıq üzü görmək üzrədir.Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat Dərnəyinin “Şairlerden bir demet” antologiyasında şeirləri dərc olunmuşdur.
İraq Türkmen Edebiyyatçı və Yazarlar Birliginin üzvüdür. Ailəlidir, üç övladı,iki nəvəsi var.

Azərbaycan bayrağı

Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
Alınmış torpaqları qurtaraq yad cəngindən,
Zəfər marşı çalınsın istiqlal ahəngində,
Al qoynuna birləşdir parçalanmış torpağı,
Azərbaycan bayrağı!

Müstəqillik uğrunda qurban gedib canımız,
Al rəngin təməlində qaynayır Türk qanımız,
İlahidən İslama səcdədi hər anımız,
Tarixə şahid kimi düşmənə ol göz dağı,
Azərbaycan bayrağı!

Vətən qibləgahısan ,əbədi şan yerimiz,
Sabaha doğan günəş,sabaha dan yerimiz,
Azadlığa səslənən tökülən qan yerimiz,
Tükənməz varlığınla ol yurdumun dayağı,
Azərbaycan bayrağı!

Qızıl şəfəqlərinlə oyat Turan elmizi,
Bir oxunsun himnimiz,qoruyaq Türk dilmizi,
Səninlə bir qaldıraq Tanrıya haqq əlmizi,
Dağılmış ocaqlarda alışdıraq çırağı,
Azərbaycan bayrağı!

Qubarlı ürəkləri bir araya səslə sən,
Sahilsiz ümmanlarda ümidləri bəslə sən,
Qartal kimi qanad çal, zirvələri süslə sən,
Dalğalanan dəniz tək, al-əlvan göy qurşağı,
Azərbaycan bayrağı!Azərbaycan bayrağı!

Təbrizim

Türkmənçay imzası böldü tifağı,
Bölündü ikiyə Vətən torpağı,
Çəkdi sinəsinə doğma yurd dağı,
Sağalmaz yaralı oldu Təbrizim.

Arazla vurdular qandal qoluna,
Qəriblik çəkdilər doğma yoluna,
Vətəni itirən dözərmi buna,
Dilimdən asılı qaldı Təbrizim.

Haqqı, həqiqəti qəmə büküldü,
Azadlıq yoluna qanı töküldü,
Neçə mərd oğullar dara çəkildi,
Fəryadı göyləri aldı Təbrizim.

Boğdu Şəhriyarın ana dilini,
Viranə eylədi doğma elini,
Saxlaya bilmədi namərd əlini,
Düşgün xəyallara daldı Təbrizim.

Baxıram Təbrizə necə həsrətlə,
Bağlıyam mən ona sözlə, hikmətlə,
Oyan ey türk xalqım, oyan qeyrətlə,
Gözləri qan yaşla doldu Təbrizim!

Xalidə səslənir doğma elinə,
Vətəni veribdilər yağı əlinə,
Haydı igidlərim kəhər belinə,
Novrağı qürbətdə soldu Təbrizim!

Azərbaycan

Azərbaycan, ana yurdum!
Bu kəlmələr yaranışdan,
Müqəddəslik məbədinin,
Qibləgahı, zirvəsidir!
Neçə əsr oyanışdan,
Zülümlərin, zillətlərin
Dinən həqiqət səsidir.
Bu zirvəni fəth etməyə,
Sevgi gərək, hünər gərək.
O kəslərin ürəyində vətən eşqi,
Vulkan kimi aşsın, daşsın…
Səni sevən, gərək sənlə qoşalaşsın.
Sinəsini sipər etsin,
Ağır, çətin günlərində.
Yad oğullar doğmalaşsın.
Dağ çəksinlər düşmənlərə.
Yurdumuzda iz qoymağa,
Nərə çəksin bircə kərə,
Yol verməsin yağılara.
Əsrlərlə parçalanmış torpaqları,
Qaytarsınlar öz elinə.
Qərib düşən İrəvanı,
Zəngəzuru, Drbəndimi,
Həsrət gözlü Təbrizimi,
Ozan havalı Göyçəmi…
De, dərdimin hansın deyim…
Birdimi?!
İllərdi düşmənin gözünü oyan
Cavanşirlər yurdu Qarabağımı,

Şikəstənin doğulduğu Şuşamı.
Susan “İsa” bulağımı!
Şəhid qanlı torpaqlarda
Qoy çalınsın cəngi səsi,
Haraylasın vətən üçün,
Candan keçən,vətənsevər oğulları.
Azad edək yağılardan torpaqları.
Düşmənlərdən qisas alaq.
Təmizləyək Xocalının,
Ləkələnmiş yaddaşını.
Əvəzləyək sevinc ilə
Analarınaxan qanlı göz yaşını.
Azərbaycan, ana yurdum,
Türk oğlunun məskənisən!
Qürurunla, hünər göstər,
Qeyrətinlə tarixləri yenilə sən!
Şərəfinlə, şöhrətinlə öyünərək,
Gələcəyə haqq yoluyla,
Zəfər ilə irəlləyək!
Zəfər ilə irəlləyək!

Şuşaşız vətənim

Cavanşirlər yurdu Qarabağımın,
Şuşa dağlarında dumanı azıb.
Tərlanlar oylağı Cıdır düzündə,
Könlümü oxşayan gümanı azıb.

Ərənlər oylağım, nəğməli dilim,
Əyilməz vüqarım batıbdı yasa.
Tarixi bağrına basıb yaşadan,
Gözümdə Şuşamız dönübdü yaşa.

Natəvan haraylı gücüm-qeyrətim,
Topxanam adında dərdim od tutur.
Üzeyrin, Cabbarın, ahı-naləsi,
Həsrət nəğməsi tək dünyamda yatır.

Doğma yuvasından didərgin düşən,
Yurd oğlum, yurd qızım üzgünləşibdi.
Suşasız can deyən, can verənlərin
Vətənsiz ruhları küskünləşibdi.

İgid oğulların şəhid qanından,
Qan içdi ürəyi qaralmış Şuşam.
Koroğlu qeyrətli, Nəbi ürəkli,
Nəfəsi boğulub, dayanmış Şuşam.

Şuşasız vətənim, Vətənsiz Şuşam,
Yağıdan qisasın alınacaqdır.
Vətən sinəsində ucalan bayraq,
Şuşa qalasına sancılacaqdı.

Xainlərin hiyləsi

Bu nə zülmət, bu nə dəhşət,
Bürüyübdü qəlbimizi.
Bir kimsəyə deyəmmirik,
Bizi didən dərdimizi.

Bəlkə bizim cəzamızdı,
Allah edir sınağını.
Yurdu verib düşmənlərə,
Düşünmədik qınağını.

Ərənləri itirmişik,
İtən yurdun döngəsində.
Qeyrətsizlik damğasının
Boğulduq məngənəsində.

Ey yurdumun igidləri,
Torpağımız göz dağlıyır.
Düşmənlərin tapdağında,
Qarabağım qan ağlıyır.

Parçalanmış torpaqların ,
Qaçammarıq naləsindən.
Birləşməsək qurtarmarıq,
Xainlərin tələsindən.

Xəyallarımın göz yaşı

Xəyaldan asılı ümidlərimdən,
Sevgisiz həyata nifrət doğulur.
Arzular dalınca qaçan könlümün,
Gözündə boy atan arzu böğulur.

Üçan xəyalımda gizlənireşqim,
Allanır həyalı utanc yanağım.
Hərdən küskünləşib boynunu bükür,
Hərdən gülüşüməolur qonağım.

Nəmli xəyalımın göz yaşı olur,
Üşüyən ümidin,donan baxışın.
Könüldə silinməz ilmə toxuyur,
Qəlbimi oxşayan sevda naxışın.

Qara xəyallarım azır səmada,
Zülmətə bürünür,dolur buludlar.
Qərib duyğularım göz yşlarıyla,
Əl atıb içimdə köksümü odlar.

Buludlar içində ötən xəyallar,
Məni uzaqlara aparır yenə.
Bir vüsal soraqlı dərd aşiqi tək,
Məni öz mənimdən qoparır yenə.

Ruhum sızlayır

Ruhum sızıldayır, qəlbim ağlayır,
Həsrətin sazağı dərd sığallayır,
Sənli xatirələr könül dağlayır,
Gəl al bu qəhərin əlindən məni…

Ürəyim gizlədi dərdi özündə,
Sinəmdə dil açıb, yanan közüm də,
Səni tapammıram artıq özüm də,
Gəl al bu kədərin əlindən məni…

Qurdum ilmə-ilmə taxt sarayımı,
Uçurdum əlimlə baxt sarayımı,
Susdura bilmədim eşq harayımı,
Gəl al bu dərd-sərin əlindən məni…

Könlümdə qurduğun könül üşüyür,
Dərib gətirdiyin o gül üşüyür.
Yanan o dodaqlar, o dil üşüyür,
Gəl al bu rüzgarın əlindən məni.

İlahi yazdığı gözəl qismətin,
Dəyərin bilmədik ilk məhəbbətin,
Sevda qələmiylə yazdı nifrətin,
Gəl al bu qədərin əlindən məni..