Küskün dostun divanisi
Gah coşardın, gah susardın – halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
Hər sözündən tük çəkirsən, qüsur çıxır birbəbir,
Sən deyildin yardan gələn sözü fərman eyləyən?..
Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya…
Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya…
Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı can eyləyən?
Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə…
Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
Yenə odur, yalnız odur dərdə dərman eyləyən.
Bilmirəm
Mən ona hər gün aşiqəm,
O mənə… – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə… – dinə bilmirəm.
“Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur,
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.
Desin Əkbər – bu nə haldı? –
Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
Dil əzbərim olan adı…
Gələrmi dinə? – bilmirəm…
Şubatın son günü yazılan şeir…
Tanımadığım rəssam,
Dün bir təsadüflə odana gəldim –
Bir irigöz gözəllə,
Qüsura baxma, özün yoxkən girdik odana.
Yo-yoox heç nə götürmədik –
Baxmaq və sadəcə baxmaqdı işimiz…
Səni divardakı rəsmindən tanıdım –
Alt yazısından bildim, əslində –
“Özrəsm” deyə not keçmişdin.
Daha doğrusu,
“Avtoportret” yazmışdın sən,
Mən belə oxudum
İrigözlü etiraz etdi həmən:
– Yenə türkçülüyün tutub, deyəsən…
Mən neçənci dəfə
türkçülük tutmur, xanım əfəndi,
o ya var, ya yox
dedim.
Qımışdı sadəcə
və iri gözlərini o biri şəklə takı verdi…
Nə başını ağrıdım,
Özünü gözəl çəkmisən –
damağında siqar,
gözlərində kədər
Qüllabın da
kədərin tək dərindi, rəssam qardaş…
Ancaq mənim irigözlümün gözündən dərin olmaz.
(Elə də qəşəng “mənim” deyirəm,
Oysa nə sənin odan mənimdi, nə o irigöz…
Olmayacaq da!..)
Sonra “Gülən qız”ına baxdıq
Mənim irigözlümün təbəssümündən
kiçikdi məncə,
onun üzü boyu yayılmış qəhqəhə…
ancaq xoşdu, gözəldi.
(Təbəssüm var bir dünyadı,
Gülüş var bir üz boydadı.)
Sən də at vurğunusan, qaliba, rəssam qardaş,
Hər iki şəklindən biri atdı, atlıdır, atladı…
Hələ o iki yorğun atın var ha!.. –
verib baş-başa…
Vay, mənim halıma, vay,
Neyləmisən, zalım.!?
İstədim onların yorğun doğmalığından
keçid alım söhbətə
irigözlüm
“adamlar və ağaclar” deyə bir şeylər söylədi nə isə.
Mən
“bəlkə adamlar və atlar” deyə düzəltdim guya
önəm vermədi
öyləsinə keçdi… –
iri gözlərini süzdürərək…
Rəssam qardaş,
Odan nə yaman dağınıqdı –
Güclə keçirdik bir rəsmdən o birinə
Arada bir əlindən tutmaq istəyirdim onun,
amma nəyə yarar?
Səssizcə çəkirdi əlini və iri gözlərini…
Sonra “Pikasso” albomuna baxdıq –
kirli dolabdan alıb.
Mən “dolab” dedim, ancaq irigözlü
“şkaf” dedi, təbii
və xəfifcə “türkçülüyün tutdumu yenə?” – dedi
mən dinmədim bu dəfə…
əlimi əlinə toxundurmuşdum o anda
dodaqlarım təpimişdi, qurumuşdu boğazım –
lap uşaq kimiydim, vallah
zira
o halımdan bildim
ona olan duyğumun adını…
Tanımadığım rəssam,
odandan heç nə götürmədik,
amma
yenə
bağışla bizi… könül, qoyma.
Bəlkə gözümüzdə,
könlümüzdə
götürmüşük bir şeylər
o dağınıq odanın sənət nizamından…
Görüşmək ümidi ilə…
Bəlkə mənim şerim də sənin odan kimi dar-dağınıqdı,
nə yapalım,
sənin rəsmlərindən aldığımız bizim,
bu şeir də sənin halalın olsun…
Mənbə: http://edebiyyatqazeti.az/