This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Qorxu, təlaş basıb dünyanı,
Şeytan ölüm marşı çalmamış
Bir vida nəğməsi çal.
Əzizim, canım, mən evdəyəm,
Sən də evdə qal!
Ərit qayğıların buzunu.
Ya da həyatı bir təlatüm bilib çağla.
Demirəm, rəngsiz yuxuların içində
çırpınan dəhşətlərə ağla,
Bacarsan, küt ağrılara tab gətir,
Günahı tütyə kimi
Qiyamətə aparmaq üçün qab gətir.
İt hürən tərəfdə imkanlı dadaşlar
bardaş qurub ikibaşlı fikirlərtək.
İşıq gələn səmtdə də ac adamlar
kifli əppək üçün cihada qalxıb
utanmaz-utanmaz…
Sən, yuxusu dağılmış dərələrdən,
Kol-kos basmış yamaclardan keç.
Dərdini heyvana de, adama demə.
Qarşına iki kölgə çıxacaq;
Həyat gerçəkləri səni sıxacaq.
Qorxub, yükünü atacaqsan.
Bilə-bilə günaha batacaqsan.
Əzizim, canım, evdə qal!
Ölüm qapının ağzında mələyir quzu kimi.
Şeytan adamı torbasına atır ruzu kimi.
Sənin də, bilirəm, əppəyin yox.
Səbrin də tarıma çəkilib qatar relsitək.
Mənim də elə günahım artır,
Mən, islaq bəbəklərin vida yanğısıyam,
Gözümün önündə çılpaq gecələr kürt düşür.
Qorxulu yuxulara öyrəşib gözüm.
İçimdə tumurcuq atıb dözüm.
Tanrı həm – Məni axtar, – deyir,
Həm – Evdə qal.
İndi, xəstəlik və qorxu sarmış küçələrə
adam çəklində necə çıxım?
Bəlkə kölgəmin çuxasını geyinim,
Tanrı ilə cihada gecə çıxım?!
Qəmin ucu çox itidir,
Eh, zülmətə enirəm anam ölür,
İşığa çıxıram, atam…
Vücuduma ləkədi xatam.
Demək, adam özündən çıxanda
Saxta Pirlər kimi ləkələnir.
Bir azdan Qiyamət qopacaq,
İsrafilin yerinə bir ayrılıq nəğməsi çal.
Qorxu, təlaş dünyanı fağır günə qoyub,
Mən evdəyəm, əzizim, sən də evdə qal!