* * *
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.
* * *
Sən məni bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdır gün.
Sənin bişirdiyin o mürəbbələr
İçilib qurtardı hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu,
Sənin ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
Şirin söhbətindən olmayıb doyan,
Çağır qonşuları doyunca gülək:
Mənsiz gördünüzmü dözmür Nəriman,
Sənə qurban olum sən görmədin tək
* * *
Sən getdin, həsrətin qaldı canımda,
Sonradan mat qaldım, düzü bir şeyə.
Qeyri-adi idin mənim yanımda,
Getdin, ele bil ki, adələşməyə.
Sənə yalvarırdım burda bayaqdan,
Eşikdə qış idi, otaqda bahar.
Sən de gedib evde yalvaracaqsan –
Gecikdiyin üçün bağışlasınlar.
Səni bağışlamaq… dünyaya bir bax,
O qelbi, o ruhu gərək duyasan.
Axı səndən gərək üzr istəyələr,
Lazımsa, sen gərək bağışlayasan.
Bir qəlbin en eziz şahzadesiydin,
Qulluq gözleyirdim hüzurunda mən.
Gedib evinizdə sən ona yəqin
Bir qulluq gösterib, çay süzəcəksən.
Getdin, üreyimi salıb tufana,
Sədaqət həyatda başqa rəng deyil.
Mənim sevincimi apardın ona,
Bəlkə də ona heç bu, gərək deyil.