Hər papaq qoyana kişi desəm mən,
Kişilər inciyər səxavətimdən.
Elə qadınlar da böyüdüb vətən,
Günahdır onlara kişi deməsəm.
Kişi -alınmayan qala deməkdir.
vətənə arxadır, elə köməkdir.
Kişi -məhvəridir yer kürrəsinin,
Onun çiyni üstə durur qitələr.
Ocaqdır, odunda onun isinin,
Mayakdır, ümmanda o yol göstərər.
Çıraqdır, bir evdə o sönsə əgər,
O evə zülmətin nəfəsi girər.
Kişi sözü versə insan-insana,
Vəkalət, zəmanət nə gərək ona!
Kişi cəsarətdir, kişi hünərdir,
Qardaşdır, oğuldur, yenilməz ərdir.
Səngərdir, sipərdir, dincliyi saxlar,
Kişisiz vətəni düşman ayaqlar.
1978