Belimin tutub ağrısı,
dəryazı sən gətir, gülüm.
Qoca vaxtı gəl sən məni,
Baxtavara yetir, gülüm.

Qurbanam şirin dilinə,
Tikan batmasın əlinə,
Toz qonar zərif telinə,
Çək zülfünü ətir, gülüm.

Zimistanla etmə oyun,
Qar-borana çəkmə boyun,
İki inək, beş də qoyun,
Artıq varsa, itir, gülüm.

Haqq sözümə baxsan, əgər
Belə zəhmət çəkmə hədər.
Bağbanı ol alma becər,
Bağ sal, bağça bitir. gülüm.

Qorxma yaza çıxar arıq,
ŞƏMŞİR, Haqqa ümidvarıq,
Yorularsan, ac qalarıq,
Kim bişirər fətir, gülüm?!

*Bu şeir Əməkdar mədəniyyət işçisi, Ustad şair Aşıq Şəmşirin 1980-ci ildə Bakı şəhərində “Yazıçı” nəşriyyatı tərəfindən işıq üzü görən “Şeirlər” kitabından seçilərək götürülüb.