Həsrətimin qatar-qatar kərvanı başdandımı?!
Ürəyim yaman döyünür, yoxsa təlaşdandımı?!
Uzaq illər yaxın gəlməz haraylasam, yüz dəfə,
Xatirələr unudulur yaddaşdan, huşdandımı?!
Daha ömür dağlarıma yavaş-yavaş çən düşür,
Lalə, nərgiz uzaqlaşır, bənövşələr gen düşür.
Zaman məni tez qocaldır, saçlarıma dən düşür,
Bilmirəm qəmdən, qəhərdən, yoxsa ki, yaşdandımı?!
Bir sonanın həsrətindən dərdim dərdə calandı,
Könlüm evi şəhərlərdən daha betər talandı,
VƏTƏNOĞLU atəşlərə qalam-qalam qalandı,
Zalım qızı dönüb baxmır ürəyi daşdandımı?!
*Bu şeir şair Bəhmən Vətənoğlunun 2019-cu ildə Bakı şəhərində işıq üzü görən “ALLAH eşqi ilə” adlı şeirlər və poemalar kitabından seçilərək götürülüb.