Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm.
Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda səni duyacaq, eşidəcək, görəcəyik.
Lalələr qızaranda, çəmənlər yaşıllaşanda, qızılgüllər açanda, həzin bir nəğmə dinləyəndə, gözəl bir rəsm əsərinə baxanda sən bizimlə bir yerdə olacaqsan. Yox-yox! Sən heç bizdən ayrlmayacaqsan, daim yaşayacaqsan.
Sən, Polad kimi əyilməzliyinlə, Ana Vətən uğrunda canını verməkdən qorxmayan Mübarizliyinlə, düz İlqarınla bizimlə olacaqsan. Böyük Türk dünyasında, o cümlədən Azərbaycanımızda yeni doğulan körpələrə sənin adını vermək əsil şərəf olacaq. Şəhər və qəsəbələrimizin ən yaxşı küçələrinə, parklarına, məktəblərinə, uşaq bağçalarına sənin adın veriləcək. Sinfin əlaçı, ən yaxşı şagirdi, bir zamanlar sənin əyləşdiyin parta arxasında əyləşəcəklər, sənə oxşamağa, hər yerdə, həmişə nümunə olmağa çalışacaqlar.
Sənin şəninə nə qədər şeir qoşulacaq, nəğmə və mahnılar bəstələnəcək, nəsr əsərləri yazılacaq. Sənin igidliyin, şücaətin dastana çevriləcək, aşıqlar onu şövqlə, həvəslə, yanıqlı, kövrək, həzin, həm də gələcəyə inamlı bir səslə oxuyacaqlar.
Sən, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim müharibəsində tarix yazdın, elə qəhrəmanlıqlar, elə hünərlər göstərdin ki, qələm bunu ifadə etməkdə necə də acizdir. Bizə Ali Baş komandanımızın imzasıyla bəxş edilmiş, əbədi Zəfər Gününün qazanılmasında sənin misilsiz rəşadətin, zəhmətin var. “Təki, Vətən yaşasın!” deyərək fəda etdiyin canın bahasına qazanılmış qələbəyə sonsuza qədər yaşayacaq ölməz ruhun şahidlik etdi.
Bax, qəhrəmanım, biz sənə “Şəhidim” deyirik. Sən, kiminsə bioloji olaraq övladı, qardaşı, atası olsan da, bizim hər birimizin ən yaxını, ən əzizi, doğmasısan. Sən bizim qürururmuz, fəximiz, ölməz, əbədi yaşarımsan.
Sənə borcluyuq şəhidim. Fəxr edirik ki, düşmən, onun mifə çevrilmiş ordusu məhv edildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Qanın yerdə qalmadı. Qanın töküldüyü vətən torpağı müqəddəsləşdi. Üçrəngli bayrağımız həmin torpaqlarda əbədi dalğalandı.
Sən, vətənin torpağı, daşı, vətəndaşı oldun. Vətən sənə “OĞUL” dedi. Yaşasın böyük Türk dünyası! Yaşasın Azərbaycan! Şəhidlər ölməzdir!