Yaradanım yaxşı bilir,
Yolum kimlərin yoludu.
Dünənin söhbəti deyil,
Lap qədimlərin yoludu.

Məni qış-yaz anan yollar,
Tanrıya uzanan yollar,
Halallıq qazanan yollar,
Xoş qədəmlərin yoludu.

Qulaq Haqqdan gələn səsdə,
Könül gündə yüz həvəsdə,
Mənim yolum pərdə üstə,
Yanan simlərin yoludu.

Ruhum yollara bələddi,
Yol çaşanlar xəcalətdi,
NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,
Yol ADƏMlərin yoludu.

6.VII.2005

*Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub