Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə İnstitutun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi keçirilib. Yubiley tədbirində xalq yazıçıları və şairləri, akademiklər və bir sıra alim və yazarlar iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar giriş sözü söyləyib. Tədbirin AYB-də keçirilməsini yüksək qiymətləndirib. Sonra Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev əhatəli məruzə ilə çıxış edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, “Şirindil Alışanlının bu gün keçirilən yubleyini Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasındakı birgə fəaliyyət proqramının üzvi tərkib hissəsi hesab edirəm. Şirindil Alışanlı o miqyasda ədəbiyyatşünaslardandır ki, Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasında möhkəm və etibarlı körpülər qurmağa onun əsərləri, fəaliyyəti tam əsas verir. Şirindil Alışanlı çoxcəhətli elmi-təşkilati fəaliyyətə malik olan müasirimizdir. Cəmiyyətimiz ilk növbədə onu ədəbiyyat nəzəriyyəçisi və tənqidçi kimi qəbul edib. Onun ədəbiyyat nəzəriyyəsi ilə ədəbi tənqidin qovuşağında olan elmi yaradıcılığı ədəbiyyatşünaslıq elminin çox əhəmiyyətli səhifələridir. O, Ədəbiyyat İnstitutunda böyük bir şöbənin fəaliyyətinə uğurla rəhbərlik edir. Onun fəaliyyəti Ədəbiyyat İnstitutunun çərçivəsindən kənarda – ümumakademiya miqyasında da müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyasında nəşriyyat-poliqrafiya işinin əsas qurucularından biridir. Şirindil Alışanlını Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edirik”.
Tədbirdə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktoru Əlizadə Əsgərli, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, Xalq şairi Nəriman Həsənzadə çıxış ediblər.
Sonda Rusiya Estetika və Azad Sənətlər Akademiyasının akademiki Şirindil Alışanlı çıxış edərək tədbirin təşkili üçün təşəkkürlərini bildirib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi