Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Acıqlanıb deyirsən: “Nə baxırsan həsrətlə?”
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?
Nakam eşqə cavabı özüm özümdən alım,
Verməyir həyat heç nə, xəyallarla dolanım.
Deyirsən bu halımla səni insaflı sanım,
Ətrafında dolanım, həm də sənə baxmayım?
İstəyirəm qəlbini baxışın desin dilsiz,
Ruhlarımız görüşsün özümüzdən xəbərsiz.
Yolunda canı qurban mən demişəm əvəzsiz,
Qurbanlıq olsun canım, həm də sənə baxmayım?
Xiffətindən köksümü çalın-çarpaz dağlayım,
Sevinc, fərəh görməyim, qəm-qüssədən ağlayım
Görüşünə ümidi təsadüfə bağlayım,
Ötsün belə hər anım, həm də sənə baxmayım?
Vurğunluğum səbəbdir bu bəlalı halıma,
Qərarlısan ümidsiz, belə naçar qalım a.
Bax, dönmüsən insafsız, hökmün verən zalıma,
Qurula dərd, divanım, həm də sənə baxmayım?
Acıqlanıb deyirsən: “Nə baxırsan həsrətlə?”
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?