Mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib.
Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.
Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.
Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar.
Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.
Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.
“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.