AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, görkəmli alim, şair, professor-doktor Elçin İsgəndərzadə kafedra müdiri olduğu Texniki Universitetdə Vüqar Əhmədə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib.
Beynəlxalq “Qızıl Ulduz” medalı və akademiyaya üzvlük diplomu professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İskəndərzadəyə təşəkkürünü bildirib: “Bu təkcə mənim uğurum deyil, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Azərbaycan elminin uğurudur”.
Vüqar Əhməd eyni zamanda Nyu-York Elmlər Akademiyasının üzvüdür. 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir. Elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi