Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Get-gedə tükənir içində adam,
İtir ümüdünün köçündə adam.
Bu dürüst, bu güclü biçimdə adam,
Kiçilir bir buğda dənəsi boyda.
İkiyə bölünmüş düymə kimidir,
Axtarsan samanda iynə kimidir,
Gerçəyi göstərən ayna kimidir,
Kim baxsa görünər şələsi boyda.
O adam dağ deyil ucadan-uca,
Laləzar bağ deyil çiçəklər aça.
Taleyi balaca, ömrü balaca,
Ürəyi kəpənək nəfəsi boyda.
Nə sükut tanıyar, nə də tanış səs,
Öləndə içində həyəcan, həvəs.
Bütün kainatda yox ona qəfəs,
Allahın yer adlı qəfəsi boyda…