Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Vera Xayrutdinovanın “Fərqli dünyalar” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rəssamın kolleksiyası həyatının müxtəlif dövrləri ilə bağlı texnika, rəng və əhval-ruhiyyə ilə fərqlənən tematik silsilələrdən ibarətdir. Bunlar Şərq akvarelləri, zəngin natürmortlar, Ural mənzərələri, müasir qarışıq texnikada olan əsərlər, çiçəklər və abstraksiyalardır. “Azərbaycan” pavilyonunda təqdim olunan əsərlər arasında fırlanan mexanizmə quraşdırılmış “4 həyat” tablosu xüsusi maraq doğurur.

Vera Xayrutdinova sərginin açılışında çıxış edərək bildirib ki, bu, onun “Azərbaycan” pavilyonunda keçirilən ikinci sərgisidir: “Mən Azərbaycanı çox sevirəm və orada çoxlu dostlarım var. Şadam ki, mənim iki əsərim – Qarabağın simvolu olan “Xarıbülbül” və “Nar” rəsmlərim “Azərbaycan” pavilyonunun kolleksiyasında yer alıb”.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Vera Xayrutdinovanı Azərbaycanın yaxın dostu, Azərbaycanı sevən rəssam kimi təqdim edib: “Vera Xarıbülbülün tarixini eşidəndən sonra məxsusi olaraq bizim pavilyona “Xarıbülbül” əsərini hədiyyə edib. Vera Xayrutdinova çox istedadlı rəssamdır və onun hər bir işində yenilik var. Bu gün açılan sərgi iki ay davam edəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: https://azertag.az