Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqilik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.
İştirakçıların qeydiyyatı fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılır. Martın 6-dək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.
Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.
Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.
Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Rəsmi sayt – https://uif.az
E-poçt – info@uif.az
Facebook – https://www.facebook.com/uif.az
Instagram – https://www.instagram.com/uif.az
Twitter – https://twitter.com/uif_az
Youtube – https://www.youtube.com/@uif_az
Tiktok – https://www.tiktok.com/@uif.az