Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.
Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.
Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.