Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan materiallar silsilə formasında davam edir. Növbəti material kitabxana əməkdaşları tərəfindən “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı vidoeoçarxdır. Bir neçə hissədən ibarət olması planlaşdırılan materialın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı videomaterialın növbəti bölümlərinin Ulu Öndərin öz müdrik kəlamlarından, beynəlxalq və yerli siyasi, ictimai, mədəni sahədə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Ulu Öndərlə görüşlər zamanı tarixə həkk olunan hadisələrdən ibarət olması planlaşdırılır.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Heydər Əliyev – 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada “Ulu Öndər və Naxçıvanın musiqi mədəniyyəti”, “Dirçəliş strategiyası”, “Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı”, “Milli kinomuzun təəssübkeşi və hamisi”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Tariximizin Heydər Əliyev zirvəsi” kimi məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.

Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/heyder-eliyev-xatirelerde və https://ryl.az/activity/ulu_onder linklarında yerləşdirilib.

Mənbə: https://azertag.az/