Xalq yazıçısı Anarın 80 illik yubileyində daxilimdən gələn səsi, səmimi duyğuların tərcümanı olan fikirləri ifadə etdiyim kimi, indi, 85 illik yubileyində də Anar şəxsiyyətinə dair, onun müdrikliyinə, həssaslığına, zəngin mənəviyyatına aid düşüncələrimi, gördüklərimi, yaşadıqlarımı, qismən də olsa, qələmə almaq qərarına gəldim. Anar müəllimin yaradıcılığı, şəxsiyyəti haqqında dövlət xadimləri, görkəmli ədəbiyyatşünas alimlər, tənqidçilər, söz və fikir adamları çox yüksək sözlər deyiblər, deyirlər, yazıblar və yazırlar. Nə qədər deyilsə və yazılsa da, bitməz ki! 25 ilə yaxın müddətdə əyani tanıdığım Anar obrazı haqqında deməyə, böyük söz sahiblərinin yanında çəkinsəm belə, mənim də sözüm var. Anar müəllim kimi böyük şəxsiyyəti tanımaq üçün 25 il çox olmasa da, az vaxt da deyil. Bakıdan çox-çox uzaqda kitablardan, televiziyadan gördüyüm, gənclik illərimin sevilən yazıçısı Anar. Sonra isə canlı-canlı tanıdığım Anar. Onun əyləşdiyi mərtəbədən maraqla iş prosesini izlədiyim Anar. Və indi… Birliyin binasında bizdən bir mərtəbədə aşağıda, yenə bütün müdriklik və əzəməti ilə əyləşən Yazıçı və Sədr Anar… Xarakterindəki ağayanalığı ilə daima seçilən, alicənab, xeyirxah, vətənpərvər, bağışlayan, dəyərləndirən, bütöv, təmkinli, humanist Anar…Anar mənim də zehnimə həkk olunan saysız və bir-birinə bənzəməyən düşündürücü obrazlar yaratmış, əsərləri, filmləri sadalamaqla bitməyən əvəzolunmaz yazıçıdır, ədəbi şəxsiyyətdir. Öz kökünə sadiq ziyalı, hər şeyi görən və qiymətləndirən, özü isə tərifə sığmayan, dəyişməyən, kübarlığın, ziyalılığın, dürüstlüyün zirvəsində dayanan bir İnsan obrazıdır O.Mənim düşüncələrimdə Anar ucalardan-ucada dayanan, bənzərsiz xarakteri və zəngin yaradıcılığı ilə hər zaman seçilən, 60-cılar nəslinin, həm də bugünkü, müasir ədəbiyyatımızın yaradıcı şəxsiyyət etalonu olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yaddaşına çevrilmiş parlaq imzadır.Milli kimliyimizi dönə-dönə bizə tanıdan və sevdirən, çoxşaxəli və zəngin yaradıcılığa malik olan Anar illərlə çəkdiyi zəhmətə qatlaşmadan da xeyli rahat yaşaya bilərdi. Ancaq o, bütün qüvvəsini, enerjisini, rahatlığını, ən əsası isə, böyük istedadını Azərbaycan yolunda, xalqımızın tərəqqisi naminə fədakarlıqla sərf edərək mükəmməl bir həyat yolu keçməkdədir.Azərbaycan və dünya mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Anar ona kamil şəkildə bələd olmasın. Azərbaycan Yazıçılar Birliyində şahidi olduğum tədbirlərdə onun anidən möhtəşəm bir fikir bildirməsinə heyran olmamaq, şəxsən mənim aləmimdə, mümkünsüzdür. Bu 25 ilə yaxın müddətdə Anar müəllimi hər addımda mədəniyyətimizi, ədəbiyyatımızı ləyaqətlə təmsil edən, ədəbi mühitin mürəkkəb xarakterli nümayəndələri ilə dil tapan, öz şəxsi mənafeyini önə çəkmədən hər kəsi düşünən, vicdanının səsinə qulaq asaraq qərar verən bir şəxsiyyər kimi gördüm. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin üzdə olan və nisbətən arxa planda qalmış bir çox simalarını, vətənimizin az qala hər qarışını bizə sənətkarlıqla tanıdan, sevdirən Anarın əsərlərindən, çoxları kimi, mən də Azərbaycanımızın müxtəlif guşələrinə sevə-sevə xəyalən səyahət etmiş, onlara dəyər verməyi öyrənməyə çalışmışam. Belə dilbər və əziz guşələrdən olan Qarabağımızın işğalı uzun zamandan bəri hər birimizin yaralı yeri idi. Şanlı ordumuz, müzəffər Ali Baş Komandanımız bizə tükənməz Qarabağ Zəfərinin sevincini yaşadaraq, milli qürür hissimizi bizə qaytardı. İllər boyu Anar müəllimin bu 30 illik Qarabağ həsrətimizə son qoyulacağı, torpaqlarımızın işğaldan qurtulacağı barədə inamlı yazılarına, ümid dolu çıxışlarına çox şahidlik etmişəm. Və onun ən böyük arzusu bu gözəl günü görmək idi. Şükürlər olsun Böyük Yaradanımıza, xalqımıza bəxtiyarlıq yaşadan bu Zəfər gününü Anar müəllim gördü və onun təntənəsini, Şuşadakı möhtəşəm təbirlərin sevincini, qürurunu yaşadı. Bütün bunların şadlığını və iftixarını hələ uzun illər də yaşamasını diləyirəm.Qarşılaşdığı bütün sınaqlardan alnıaçıq çıxan Anar müəllim indi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Anarıdır, mötəbər şəxsiyyəti və sevimli yazıçısıdır.Anar müəllim, Sizi bu gözəl yubileyiniz – 85 illiyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xalqımız, vətənimiz və hər birimiz üçün çox dəyərli olan fəaliyyətinizdə, misilsiz ədəbi yaradıcılığınızda yeni uğurlar arzulayıram! Yaşayın, yaradın, Allah millətimizə, Azərbaycanımıza Sizi çox görməsin, çöhrənizdəki nurlu təbəssüm heç zaman əskik olmasın!