Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə 20-22 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib.
Səfər çərçivəsində bu gün mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki arasında görüş keçirilib. Təşkilatın qərargahında keçirilən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.
Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.
Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib.
O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərinin möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.
Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.
Mənbə: https://culture.gov.az/