Vətən — bu söz üçün nələr edilməz, nələrdən vazkeçilməzki. O yalnız bir ovuc torpaqdan  ibarət deyildir. O bir xalqın öz doğma anası, keçmişi, bu günü, gələcəyidir. Elə bir sehrli  qüvvədir ki, özünü bizlərə sevdirir, qəlbimizdə, beynimizdə həkk olunur. Dosdoğma  anamız olur. Bizi böyüdür, bizlərə yeriməyi, düşəndə qalxmağı öyrədir. Cəsarətli bir  vətandaş kimi yetişdirir. Bəzən bir müəllim olub bizlərə xalq olmağı öyrədir, öz  kimliyimizi xatırladır. Bir azərbaycanlı necə olmalıdır? Vətən onun üçün nə deməkdir? Vətəni üçün nələr edər?.. suallarına cavab axtarır. Bəli bir azərbaycanlı olmaq  

çətindir, çünki bizlər üçün vətən əvəzolunmaz, yolunda can qoymağa hazır olduğumuz, bir qarış torpağına görə son nəfəsimizə qədər vuruşacağımızdır. Ona olan sevgimiz  nə oxuduğumuz kitablardan, nə də aldığımız məlumatlardandır. Bu sevgi sonradan  yaranmır. Onu dünyaya ilk göz açanda damarlarında axan qanda, bir an belə dayanmadan döyünən qəlbində hiss edirsən. Biz azərbaycanlılar da bu vətənə belə bağlıyıq. Bunu tarix də göstərib. Neçə illər işğalda qalan vətənimizin uğrunda çox  mübarizə aparsaq da, heç zaman usanmadıq, mübarizəmizdən əl çəkmədik. Ədalət  istədik, haqqın yerini tapmasını istədik, çünki biz haqlı olduğumuzu bilirdik. Bu bizi  getdiyimiz yolda hər zaman cəsarətləndirirdi. Biz düşmənlərimizdən fərqli olaraq, digər  

xalqlara da, öz gənclərimizə də bu işğal haqqında hər vaxt həqiqətlərdən danışırdıq. Bir gün belə tapdaq altında qalan vətənimizi unutmadıq. Düşmənlərimizin xalqımıza  qurduğu hiylələr, dünyaya yaydıqları şayiələr bitmirdi. Çünki onlar bu yerlərin onlara aid  olmadıqlarını, nə vaxtsa buradan çıxarılacaqlarını bilirdilər. Onları acımasız, təcavüzkar edən əslində bu qorxu idi. Ermənilər çox qəddarcasına həmvətənlərimizin yurdlarından sürgün etmişdilər. Uşaqlara, qadınlara, acımasızca rəftar etmişdilər. Tarixi yerlərimiz  

məhv edərək, xocalıları, ağdamlıları və bir çox sakinləri elindən ayrı salaraq bizim ana  torpaqlarımızı özünkiləşdirməyə, öz vətənimizi bizlərə unutdurmağa çalışırdılar. Lakin bizlər buna heç zaman göz yummadıq, hər zaman öz sözümüzü açıq şəkildə deyib, mövqeyimizi bildirməkdən çəkinmədik. Xalqımız vətəninin azadlığı, şəhidlərinin, meşələrdə qar altında donub qalan körpələrin, gəlinlərin, qocaların intiqamını almaq üçün əlindən gələni edirdi. Bu vandalizmin yaratdığı acı izləri yazıçılarımızın əsərlərində də görmək, hiss etmək mümkün idi. Vətən haqqında nikbin ovqatda yazan şairlərimiz artıq vətəni qəfəsdəki quşa bənzədərək ictimai kədərli şeirlər yazırdılar. Xalqımız cəbhədən gələn dəhşətli ölüm xəbərlərinə görə yas saxlayırdı. Lakin ermənilər azad, qabaqcıl, cəsur gəncləri olan bir ölkəni nə vaxta qədər əsarətdə saxlaya bilərdi ki? Onlar hər savaş açdıqca, hər dəfə şayiə yaydıqca biz daha da güclənirdik. Sanki hansısa səs bizə “Durmayın, vətən azadlıq istəyir” — deyirdi. Bu səs  Xocalıdakı körpələrin, şəhidlərin səsi idi. Onlar hələ də mənəvi olaraq hər bir  azərbaycanlının qəlbində yaşayırdı. Onları yaşadan bizim qəlbimizdəki vətən  məhəbbəti idi. Və son illərdə ermənilərin ardıcıl təxribatları və yeni işğal olanların  qarşısını almaq üçün Ali Baş Komandamız İlham Əliyevin səfərbərlik əmri ilə xalqımız 

44 günlük müharibəyə başladı. Neçə illər ayrı qaldığımız torpaqlara rəşadətli  ordumuzun sayəsində cəmi 44 gündə qovuşduq. Çətində olsa ordumuz bir an belə yorulmadı, çünki onları yalnız vətənin azadlığı düşündürürdü. Və gözlənilən xəbər bir  andaca televiziya kanallarında, radiolarda səsləndi. O xəbəri eşidəndə hər kəsin gözündə yaş damcıları əmələ gəldi. Hər kəs kövrəldi. “Şuşa azad olundu” — illərdir arzusunu qurduğumuz  

bu səs, bu xəbər bütün azərbaycanlılar tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Hər yerdən bayraqlar asılır, hər kəsin dilində bircə ifadə vardı. Qarabağ Azərbaycandır! Bu  sevinc böyük bir keçmişi olan xalqın intiqamının alındığı gün idi. Bizi qələbəyə aparan amillər başda Ali Baş Komandanımız olmaqla, xalqımızın güclü iradəsi, vətənə sevgisi oldu. Məncə bizi qələbəyə aparan yol azərbaycanlı olmağımız oldu. Zəfər günün  mübarək, Azərbaycan! Bütün zəfərlər, uğurlar hər zaman səninlə olsun.

Mənbə: https://edebiyyat.az/