Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.

Sevincim dərdimlə çiyin-çiyinə
Təmasda olarkən, könül qan ağlar.
Ürəyim susduqca gözüm deyinər,
Gözün söz buludu duyğumu dağlar.

Sahili yalayan qısqanc ləpələr,
Sevinər sevincin xam uyğusundan.
Doğmanın yadlığı səbri qəlpələr,
Qəlb vəcdə gəldikcə yad duyğusundan.

Pərişan sevincim saçını yolar,
Çəkilən əzabı qəlbim unutmaz.
Sevilən sevəni versə də yola,
Qədəri nisgilli dərdi ovutmaz.

Dilimin ucunda mürgülər sözüm,
Gəzdikcə sevinclə kədər qol-qola.
Dənizə çiçəyi qısqanan gözün
Opüşü gün gələr dodaqda solar.

Üzünün suyunu tökər yollara,
Dəyişkən duyğunun göz ağartması.
Hissinə qapılan dərdə yol arar,
Sevinci dərd edər üz ağartması.

Kələfin ucunu itirən gündən,
Yad hissə bənd olan gözə aldanar.
Düzü yad ayaqda bitirən gündən,
Sevən qəlb naməhrəm sözə aldanar.

Əyriyə yar olan odlayar düzü,
Sözünü doğrunun gözündə qalar.
Düz sözü danan yar adlayar düzü,
Doğmanın qəlb sözü gözündə qalar.

Başı daşa dəyən dərdə hədəfəm,
Həddi aşan baxış batar günaha…
Yolun düşsə belə bizim tərəfə,
Axtarıb arama məni bir daha!

Azərbaycan. Quba.
14.05.2020.