Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.

Dilimin ucunda uyuyur hələ,
Səbrimə sığınan sonuncu kəlməm.
Barmağa dolayıb elədən belə
Yetər hərlədiyin hissimi, sənəm!

Qəlbimə dağ çəkib sökdün bağrımı,
Gözümdən gətirib sevincimi sən.
Ağlımı başımdan alan ağrımı,
Bələdin sevdalı söz incimə sən.

Gözlərim oxşadı üzünü, gülüm,
İsinib bir müddət şirinliyinə.
Sadəlövh güvənim üzümə gülür,
Düşdükcə kədərin dərinliyinə.

Araya sərinlik sərgiləyən kəs,
Söylə nə ad verim dönük üzünə?
Ətəyə yığdığın yad daşa həvəs,
Gün gələr zəhmlə girər gözünə.

Dəyişdin gözünün saf ünvanını,
Aldanıb qəlbinin seçim səsinə.
İçində dəfn edib eşq gümanını,
Bəxş etdin sevinci yad həvəsinə.

Çayırtək dolaşıb ayağıma sən,
Yolundan elədin bəyaz sezgimi.
Yazıb günahını ayağıma sən,
Siyahla boyadın bu yaz sevgimi…

Gözə kül üfürmə, dağ olmaz küldən,
Düşməyə lüzum yox özgə atından.
Məni soraqlama sınan könüldən,
Yaşa yoxluğumu yad həyatında!

Azərbaycan.Quba.
06.07.2024.