Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun 
Rəhbəri

Mən küləyəm, sən dəlisov Xəzərsən,
Dalğa-dalğa xəyalımda kükrəmə!
Bir gün yenə qərarımdan küsərsən,
Gedişimi sorğulama, təkləmə.

O əvvəldi — sən günahkar, mən yazıq,
Bağışladım, əfv elədim, buraxdım.
İndi yazda qan donduran ayazıq,
O dövürlər qanmaz idik, uşaqdıq.

Qəlbimdəki sükunəti dinləsən…
Yox, dinləmə… Ömürdü də, gündü də.
Ara-sıra başım üstə kölgəsən,
Ara-sıra — demirəm ki, indi də.

Kim caladı taleimi adına?
Bulanığam, qurumuşam, dayazam.
Heyva dadlı, nar qoxulu qadınam,
Yada salıb ağladığın payızam…