Dünyaya gәlmәyin bircә an ola,
Gәlәsәn, görәsәn, gülüb gedәsәn.
Taledәn әlindә bir imkan ola
Kefin istәyәndә gәlib gedәsәn.
Sәnsiz yer üstündә qalan yerini
Qohumnan, qardaşnan bölüb gedәsәn.
Bu dünya deyilәn yaxşımı, pismi,
Bir içim suyundan bilib gedәsәn.
Bu yurtdan o yurda bir ayrı yol yox,
Tanrım, gәrәk elә ölüb gedәsәn

De görüm nәyindir bu dünya sәnin,
Gәlәsәn, barını dәrib gedәsәn.
Bir yol açmağıdır borcu qönçәnin
Gәlәsәn,borcunu verib gedәsәn.
Yaşamaq olurmuş bunun harası
Elә qәrib qәlib qәrib gedәsәn.
Bu dünya olumla ölüm arası
Çox elә vacibdir görüb gedәsәn?

İlahi, sәn mәnә qәlbindә yer ver
Bir ümid, bir güman, bir fikir yeri.
İlahi, sәn mәnә canında yer ver
Haçansa bildiyim gizli sir yeri.
İlahi, sәn mәnә qanında yer ver
Arzunun, istәyin, eşqin hür yeri.
İlahi, sәn mәnә yanında yer ver,
Bir otaq, bir yataq, bir qәbir yeri…