Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Səni mən uydurmuşam,
Qarışıq keçmişimdən,
Bulanıq gələcəkdən,
Qəlbin tükənmişindən..

Bu dəyər libasını,
Mən biçmişəm əyninə..
Getsəm, donacaq ruhun,
Bu heç gəlir eyninə?..

Bilirəm, səndə deyil,
Bu sürgünün günahı..
Aydınlığa qovuşmur,
Hər gecənin sabahı..

Gözünün aynasından,
Mənə baxan o qızı,
Qaranlığın içinə,
Tərk edilmiş yalnızı,
Bəyənmədim, gedirəm..

Səni mən uydurmuşam..

Mənim kimi insanların,
Olmaz düzənlə bir işi.
Qaranlıqdır gələcəyi,
Qarmaqarışıq keçmişi.

Mənim kimi insanların,
Ağır olur möhnətləri,
Kədərlidir gülüşləri,
Qəribədir söhbətləri.

Mənim kimi insanların,
Payız qoxur nəfəsləri,
Yağış kimi göz yaşları,
Şeir kimi həvəsləri.

Mənim kimi insanların,
Bilinməyir nədir işi.
Nə göylərdə qərar tapır,
Nə yerlərə isinişir..

(2020)