Sən şəhid olmasaydın

Sən şəhid olmasaydın
Vətən tən-tən sovrular,
Torpaq şəhid olardı.
Ulduz sönüb qıvrılar,
Ay bir az da solardı,
Pozulardı rəngləri
Bayraq şəhid olardı.

Sən şəhid olmasaydın
Xalq çıxar xalqlığından,
Millət şəhid olardı.
Namus bir də lillənər,
Qeyrət şəhid olardı.
Şərəf əlil, şan əlil
Şöhrət şəhid olardı.
Sən şəhid olmasaydın
Cəhənnəm abadlaşar,
Cənnət şəhid olardı.

Sən şəhid olmasaydın
Keçinərdi Qarabağ,
Şuşa şəhid olardı.
Laçın ilə Kəlbəcər
Qoşa şəhid olardı.

Sən şəhid olmasaydın
Göyçə-Göyçə göynəyən
Ağrının, Ağkilsənin
Səbri şəhid olardı,
Ələsgərin nigaran
Qəbri şəhid olardı.

Sən şəhid olmasaydın
Təbrizin ümidləri,
Araz şəhid olardı.
Turanın ilk qolları
Bayat, avşar, bayandur,
Oğuz şəhid olardı.

Sən şəhid olmasaydın
Dəmirqapı Dərbəndin
Qapı-qapı yolları,-
Hun keçidi, Xan qapı,
Qırxlar şəhid olardı.
Sən şəhid olmasaydın
Kərkük türkmanlarını
Səlcuqlarla bağlayan
Bağlar şəhid olardı.

Seçdin əbədiyyəti,
Ruhunu meh oxşayır,
Öpür çiçəklər səni.
Göz üstündə saxlayır
Göydə mələklər səni

Düşməz

Hər ayıran Araz deyil,
Hər atılan Kürə düşməz.
Şair canım nə xof bilər,-
Nə kürkünə birə,-
düşməz.

Bu dünya meydanla dolu,
Meydanı nadanla dolu.
Hər tərəf şeytanla dolu,-
İynə atsan yerə düşməz.

Yuvam yoxdu yük daşıyam,
Tor qurmuram tük daşıyam,
Mən bu xalqın ərk daşıyam,-
Şair ərki şərə düşməz.

Vətən dərdi,- çəkəm, budu,
Sevgim budu, hikkəm budu,
Kəbəm budu, Məkkəm budu,-
Yolum ayrı pirə düşməz…

Şəddi Şahnaz

Bu naz Şurun şah nazıdı,
Bir gözəlin ah nazıdı,
Gül nazıdı, şeh nazıdı
Pozma gülüm əhdi naz-naz,
Şəddi Şahnaz.

Bir az Cabbar, bir az Xandı,
Naləsində eşq virandı,
Ey ruhumun muğam andı,
Ey muğamın cəddi Şahnaz.
Şəddi Şahnaz.

Zilxan bulud, şimşək səsim,
Cingənə sim, zirvə pəsim,
Ürək-ürək, əsim-əsim,
Bir ilahi mehdi Şahnaz
Şəddi Şahnaz.

Göy dağıla, Yer yeriyə,
Könül, uyma hər pəriyə,
Bax Arazdan Həkəriyə,
Aşdı min-min səddi Şahnaz
Şəddi Şahnaz.

Öt dilimdə mənzum bəstəm,
Dərd divanəm, qəm şikəstəm,
Qoy oxunsun qəbrim üstə,
Yeddi səsdə yeddi Şahnaz
Şəddi Şahnaz.