Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
DOĞRU YOLA YÖNƏLT, ALLAH!
Az qalır ki, ağlım çaşa,
Doğru yola yönəlt, Allah!
Dünya yalan başdan-başa,
Doğru yola yönəlt, Allah!
Ümidimi də üzmərəm,
Şeir çələngi düzmərəm.
Dodağımı da büzmərəm,
Doğru yola yönəlt, Allah!
Yenə salım səni yada,
Gəlməsin canıma qada.
Salma məni belə oda,
Doğru yola yönəlt, Allah!
Təkliyinə şükür olsun,
Sevincdən göz yaşım dolsun.
Gözlərdə olmasın ovsun,
Doğru yola yönəlt, Allah!
NƏYİNƏ İNANIM MƏN BU DÜNYANIN?!
Hər ömrə bir yağı kəsilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
İnsanlar zəmi tək biçilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
Yenə biçilmiş zəmi kimidi,
İnsanın kədəri, qəmi kimidi.
Bir səsin yüksələn bəmi kimidi,
Nəyinə inanım mən bu dünyanın?!
Dəhşət,qırğınların yolu bilinmir,
Sağı bilinirsə, solu bilinmir.
Dəclənin, Fəratın qolu bilinmir,
Nəyinə inanım mən bu dünyanın?!
Qəti fikirləri əsdirəcəksə,
Başımın üstünü kəsdirəcəksə,
Məni doğmalarla küsdürəcəksə,
Nəyinə inanım mən bu dünyanın?!
Göz yaşı içində boğulacamsa,
Kədərin içində yoğrulacamsa,
Qəm-qüssə içində doğulacamsa,
Nəyinə inanım mən bu dünyanın?!
Onsuz da vədləri hədərdi, hədər,
Əvvəli sevincdi, sonu da kədər.
Elə yaranışdan bu günə qədər,
Nəyinə inanım mən bu dünyanın?!
Şerimi eşidən dənim deyilsə,
Buludum deyilsə, çənim deyilsə,
Əzizim deyilsə, mənim deyilsə,
Nəyinə inanım mən bu dünyanın?!