Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2019-cu il.

Mənbə: https://president.az