«MƏN KİMƏM?» sualının cavabını zamanı gəldiyində öyrənə bilərik. Həl ki, mən, səyyaham. Həyatın anılarını yaxalamaq üçün yaşayan bir səyyah. Çünki bizləri var edən, yaşadan da bu anılardır. İzləyə bilsən o qədər möcüzəvi bir ahəng taparsan ki… təəssüf ki, səbrsizlikdən, bəzən həyatımızın qaça‐qaçından izləməyi unuduruq. Ruhumuz cismimizlə bərabər yaşananları işıq sürətində ötürür. Geriyə baxdıqda isəağıla gələn ilk sual bu olur: Bütün bunları mən nə zaman yaşadım?!.. Zaman nə tez keçdi?!.. Bəli əziz dost, sənə bu yazılarımda verə biləcəyim tək şey‐SƏN ÖZÜNSƏN.
HƏ VƏ YOX
Həyatımızda “HƏ”lər və “YOX”lar var. Bu tip insanlar hayatda nə istədiklərini yaxud da istəmədiklərini bilən insanlar olur. Vay o gündən ki, “Bilmirəm” deyənlərlə rastlaşasınız – o zaman, bütün həyat eşqiniz ölər. Zarafat bir yana, amma həqiqətən çox acınacaqlı bir haldır – İnsanın nə istədiyini bilməməsi.
Sanki azmısan və hansı yolu seçəcəyini bilmirsən. Sadəcə durmusan, amma sən durdunsa həyat da durar. Bu səbəbdən mütləq və mütləq bir qərar verməlisən. Qarşında 2 yol var. Biri “HƏ”dir, digəri “YOX”. Bir çox hallarda “YOX” deyərək seçdiklərimiz bizi tupikə salar. Bu “YOX”dan daha bir seçim etmək imkanı olmaz. Bəzən geriyə dönüş də olmaz. Lakin “HƏ”lər hər zaman ən az iki qapı açar. Nəticə neqativ də olsa, pozitiv də olsa hər zaman bir yol, bir seçim daha olacaq. Çalışın səhvli də olsa, düzlü də olsa o qapıları özünüz üçün açın. Özünüzə hər zaman şans verin. Ən pis nə ola bilər ki?! Səhv etmiş olacaqsız, o halda belə o səhv sizi digər bir doğrunuza apara bilər. Zatən səhv deyilən bir şey də hər kəs üçün individualdır. Sizin doğru bildiyiniz ən azı bir nəfər üçün hər zaman səhv olacaq. Başınızı heç yormayın, ürəyinizin səsinə qulaq asın, sizi xoşbəxt edəcək qapıları açın. Gec və tez “HƏ” deyə seçdiyiniz yol sizi istədiyiniz hədəfinizə çatdıracaq. Yolunuz açıq olsun, dostlar!
VAZ KEÇMƏ!
Onu bilirəm ki, insan nəyisə çox istəyirsə heç vaz keçməz. Vaz keçirsə demək ki, heç istəməyib. Vaz keçilməz məqsədlərin və dəyərlərin olsun. Səni sən edən və 20-30-50 il sonra güzgüyə baxdıqda utanmayacağın “SƏN” ol.. Hər zaman demişəm və deyəcəm: İnsan Allahın yaratdığı ən ali möcüzədir. İçindəki möcüzəni qoru. Biriləri tapılacaq ki, desin:
Onsuz da alınmayacaq. Boş ver getsin. Bu qədər çarpışdım məndə alınmadı, səndə nə alınasıdır ki?!.. Əsla dinləmə. Bu insanlar artıq öz möcüzələrini itirmiş və arzularını, xəyallarını, həyat amallarını qəlbinin dərinliklərində basdırmış insanlardır. “Cəhənnəmə gedən özünə yoldaş axtarır” deyirlər. Bu insanlar inamlarını itirmiş, ürəklərində cəhənnəmi yaratmış insanlardır, səni bataqlıq kimi dibə çəkəcək.
Uzaq dur! Sənin möcüzəni məhv edən insanlardan uzaq dur. Əksinə sən özün öz möcüzən ol. Zaman gələcək sən o insanları bataqlıqdan çıxaracaq möcüzə olacaqsan. Tək vaz keçilməz SƏNSƏN!
SƏNSƏN! QADIN VƏ KİŞİ MÜNASİBƏTLƏRİNİN SİRRİ
Bir qız uşaqlıqdan bir qaydanı yadda saxlamışdı. “Səninlə necə rəftar edilməsini istəyirsənsə, başqaları ilə də elə davran. “O bütün həyatı boyu bu qaydaya riayət etməyə davam edirdi və nəticəni də istədiyi kimi alırdı. Zaman gəldi, o ailə qurdu. Bu qaydanı ailədə də tədbiq etməyə çalışdı, lakin nəticəni gözlədiyi kimi almadı. Yoldaşına qarşı qayğı və diqqət göstərdikcə qarşılığını ala bilmədi. Yoldaşı işdən gəldikdə gününün necə keçdiyini soruşardı, o da cavabında çox həvəslə hər şeyi danışardı. Amma qarşılığında onun günü ilə maraqlanmazdı. Qız qərara gəldi ki, məsləhət üçün nənəsinin yanına getsin. Nənəsi hər şeyi dinləyib cavab verdi.
“Qızım, bu qayda hər yerdə işləyər, kişi-qadın münasibətləri istisna olmaqla. Çünki qadın və kişi təbiəti eyni deyil. Onların fərqli vəzifələri var. Kişinin vəzifəsi qadınının arzularını həyata keçirməkdir. Sən onun qayğısına qaldıqca düşünür ki, bu sənin istəyindir və istəyini həyata keçirmək üçün sənə hər şərait yaradır. Kişi heç vaxt sənin fikirlərini oxuya bilməz, o sadəcə sənin əməllərini görür və sözlərini eşidir. Məhz buna görə, əgər qayğı istəyirsənsə sadəcə ona bunu söylə. Əgər paylaşmaq istədiklərin varsa, sual verməsini gözləmə sadəcə danış. Bu qədər sadə.
BƏHANƏLƏR
Bəhanələr, bəhanələr, bəhanələr… Həyatımız bəhanələr gətirməklə keçir, sizə elə gəlmirmi? İdmana zamanım qalmadı, çünki səhər yatıb qaldım. Səhər dura bilmədim,çünki gec yatmışdım. İşə gecikdim, çünki tıxaca düşdüm. Uşaqlara zamanım və ya gücüm qalmır, çünki çox yoluluram. Yaxud ən aktual bəhanə, pulum yoxdur, zəmanə pisdir, şərait yoxdur… İlk öncə bəhanələrsiz yaşamağı öyrənək.. Düz deyiblər: Arzun varsa onu reallaşdırmaq üçün 1000 yol tapacaqsan, arzun yoxdursa 1000 bəhanə gətirəcəksən. Burdan nəticə: sizin sadəcə həyatda amalınız yoxdur. Həyatda bir amal olan insanı heç bir bəhanə saxlaya bilməz. Sizləri bəhanələrinizlə təkbətək qoyuram. Bir düşünün görün, həyatda sağ ikən ölü olma bəhanəniz nədir? P. S Cavabı tapsanız demək, sizə şad xəbərim var. Siz hələ yaşayırsınız!
QORXU
İnsanı mükəmməlliyə aparan hissdir qorxu. Səni güclü edəcək hissdir qorxu. “Qorxmaqdan qorxma” deyəcəm sənə. Səni, məni bu həyatda yaşadan hissdir qorxu.
Ölümdən qorxmasan necə yaşaya bilərsən? Necə mükəmməlliyə can atarsan? Yaddaşlarda qalmamaqdan qorxmasan, insanlara necə sevgi bəxş edərsən? Necə ruhunu təslim edərsən? Uğursuzluqdan qorxmasan, uğurun dadını necə çıxararsan? Qorxu ən güclü katalizatordur həyatında. Həyatda qorxmaq üçün səbəbin varsa demək ki, yaşamağa da səbəbin var. Qorxan insana “qorxma!” demə. Sadəcə “Qorxundan düzgün qidalan” de. Düzgün qida, düzgün nəticəyə gətirər. Qorx, əziz insan, qorx! Həyatı yaşamamaqdan qorx! Yaddaşlarda qalmamaqdan qorx! Xeyirli işlər görmədən ölməkdən qorx! Ruhunu qidalandırmadan yaşamaqdan qorx! Özünü tapmamaqdan qorx!
Qorxu səni ya iflic edər ya da hərəkətə gətirər. İflic olmadan qərar ver. Qalxacağın zirvəyə doğru hərəkət et.
SADİQ OL
Özünə sadiq ol! Arzularına sadiq ol! Hədəfini təyin et, ona da sadiq ol! Ən dəyərli xüsusiyyətdir sadiqlik. İnsanlarda axtardığımız, önəmsədiyimiz cəhətdir sadiqlik. Lakin hər zaman kimlərdənsə umuruq bunu. Unuduruq ki, hər şey özümüzdən başlayır. Sən özünə sadiq olmasan, kimsə sənə sadiq qalmaz. Kimlərəsə görə dönmə düşüncəndən, düşüncələrinə sadiq ol. Sevdiklərinə, sənə dəyərli olan bütün canlı və cansızlara sadiq ol. Ən əsası ruhuna və sözünə sadiq ol.
NİFRƏT ETMƏ ÖZÜNƏ.
“Kim özünə nifrət edər ki?” soruşacaqsan – insanlar adətən ona pisliyi dəyən insanlara nifrət edərlər. Amma bu nifrət belə qorxu hissindən yaranar. İçində boşluq yaradar daha sonra oranı qorxu ilə doldurar. Qorxduğundan da ona nifrət etdiyini sanarsan. Amma əsl qorxduğun fərqinə varmadığın özünsən. Öz gücsüzlüyünə nifrət edərsən, bacarıqsızlığına nifrət edərsən, özgüvənsizliyinə nifrət edərsən. Boğub bitirər bu nifrət səni. Etmə, nifrət etmə. Özünü sev ki, başqalarını da sevə biləsən. Qorxduğun insanların zəif tərəflərini gör, ruhlarını duy ki, onları anlaya biləsən. İnsanlar nifrətdən qidalandığını sanırlar, amma nifrət insanın daxili bataqlığıdır. Bu bataqlıqdan çıxmağın tək yolu SEVGİdır.
Özünü sevəcək mütləq bir səbəbin var.
SEVGİ DOLU, SƏRHƏDSİZ DÜNYAM.
Səni fəqr etməyəni çox oldular. Hər kəs necə etsin də səndən çox qopartsın dedi, necə etsin sənə daha çox sahib olsun.. Amma səni necə qorusun deyə düşünmədilər. Kəşflər üçün sənin qoruyucu qatını qırdılar, havanı korladılar, yaşıllıqlarını qırdılar, bombaladılar, parçaladılar, dinc sakinlərini əzdilər, azmış kimi zorladılar.. nə körpəsinə, nə qocasına, nə cavanına baxmadılar.. Amma sən hədiyyəmiz olmaqdan vaz keçmədin. Yenə bizi seçdin, yenə şans verdin.
Mükəmməl olduğumuzu unutdurmadın, hər şeyi tək insanın dəyişə biləcəyi bir yuva oldun. İmkanlarımızın sərhədsiz olduğu bir yuva oldun. Məsum baxışlı körpələri, yorğun baxışlı qocaları varlığınla doydurdun. Bizlər zaman çərçivələri yaratdıq, illərini, aylarnı, günlərini saymaqla özümüzü qocaltdıq, lakin səni günahkar bilib, nakam dünya adlandırdıq. Nakam sən deyilmişsən, biz imişiz.. Yetər ki, sən var ol. Sən var olduğun müddətdə pislər də olacaq, yaxşılar da. pislər səni dağıtmaqla, acğözlüklə bölüşdürməklə məşğul olduqca yaxşılar səni yaşayacaqlar. İçdən yaşayacaqlar. başqalarının dağıtdıqlarını təmir edəcəklər, səni yenidən gözəlləşdirəcəklər. Sən bizlərə yuva olduqca, biz də sənə ana olacağıq. Təbiətini, canlı və cansız hər şeyinə sahib çıxacağıq. Sevərək yaradacağıq, sevilərək də mükafatlanacağıq. Bizim möcüzəvi dünyamız, səni bizə bəxş edən Tanrımıza şükürlər olsun. Bizlər unuduruq ki, biz Möcüzəvi dünyanın möcüzəvi insanlarıyıq. Var olduğumuz və fərqimizə vardığımız müddətcə sən təhlükəsizlikdəsən. Sənə sahib olmaq deyil, səni yaşamaq, sevmək, yaratmaq üçün var olacağıq.
BİR GÜN GƏLƏR
Bir gün gələr özünə sual verərsən.. Niyə doğulmusan? Niyə seçilmisən? Bu həyatı niyə yaşayırsan? İndiyə kimi yaşadıqlarını niyə yaşamısan? Və sualların ilk vaxtlar cavabsız qalar. Bu suallara cavabı tapmaq zaman alar, lakin tapacağın cavablar buna dəyər. Mütləq özünə bu sualı ver. Bircə bu sual səni heç gözləmədiyin yerə gətirib çıxarar. Qıraqdan baxınca sıradan bir sual kimi gəlir. Amma bu belə deyil. İnsanın qaçaqaçda durub həyatına nəzər salması, özü ilə tanış olması çox önəmlidir. Belə düşünərsən ki, özünü tanıyırsan, lakin inan mənə ki, insan hər yaşadığı saniyə ilə dəyişir. Bunun fərqinə varmasan bir müddət sonra özünə yad gələcəksən. İnan mənə ki, özünlə tanışlıq həm çox əyləncəlidir, həm də möcüzəvi. Hansı yaşda olursansa ol, çox təəccüblənəcəksən.
HƏRƏKƏT!
Hər şeydir hərəkət! Hərəkət varsa dünya var. Hərəkət varsa həyat var. Hərəkət varsa sən varsan. Saat əqrəbindən tutmuş, canlılara kimi hər şey hərəkətdədir. Təbiət hərəkətdədir… Bəs insan necə? İnsanın qəlbi döyündükcə, ruhu bədənində olduğu müddətcə hərəkət edəcək.. Bu hərəkətdən uğur doğacaq. Uğur yeni bir uğuru doğuracaq. Yeni hərəkətlərə səbəb olacaq.. Yeni hərəkətlər isə öz növbəsində yeniliklər yaradacaq.. Beləcə bütün kainatı müvazinətdə saxlayacaq, ehtiyac olarsa onu titrədəcək. Möcüzələrə imza atacaq..
Hərəkət. Hər şeyin səbəbidir, hərəkət.. Heç durma, hərəkətdə ol! Həyatının pauzalarla yaşanmasına icazə vermə… Özünə görə sən cavabdehsən! “Play” düyməsini basmağı unutma, dostum!
UŞAQ OLMAĞIM GƏLİR
Ruhu təmiz, sevgi dolu uşaq olmağım gəlir. Komplekslərdən uzaq, əylənən, oxuyan, rəqs edən uşaq olmağım gəlir. Səbəbsiz gülən, hər xırda şeyə sevinə bilən uşaq olmağım gəlir… Təmənnasız sevən, məsuliyyətdən uzaq uşaq olmağım gəlir… Hisslərimi rahatca anlada bilən uşaq olmağım gəlir… Cəsurca qorxuları ilə mübarizə apara bilən uşaq olmağım gəlir… Yaxşılıqları bir ömür yadda saxlayan, pislikləri bir anda unuda bilən uşaq olmağım gəlir… Nağıllara, sehrə inanan uşaq olmağım gəlir.. .
Həyatı ağappaq vərəq olan uşaq olmağım gəlir.. .
Ruhumu o uşağa təslim etməyim gəlir…