“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

***
bütün ayrılıqlar doğma…
bütün xoşbəxtliklər yad…
səninlə yaşanan hər nə varsa
adını qoymağa çalışma…
heç məndən də soruşma…
adı üstündə yazılı: HƏYAT…

bağırma, çağırma…
sükutunu qucaqla…
dərdini bas bağrına…
bir də görərsən ki,
qapın döyülür…
pəncərəndən pıçıltılar tökülür-
gecikmiş “Bağışla” adıyla…

yalan demirəm sənə…
İnanmasan da olur…
daha eynimə gəlmir
məni necə bilirsən…
daha əynimə gəlmir
“qadın nazı”… Bilirsən…

bütün səssizliklər haray…
bütün anlayışlar fəryad…
səninlə yaşanan hər nə varsa
adı üstündə yazılı: HƏYAT…

Şəfa Vəli (2014)