Baxıram pəncərədən
Oyanıb səhər-səhər;
Meşədən tüstü gəlir,
Könlümü sıxır kədər.
Düşünürəm bəlkə də,
Tüstü deyil, dumandır.
Dağlar kəsib aranı,
Uzaqlıq nə yamandır.
Qıymaram palıdlara,
Dostumdur vələs, çinar,
Meşədən tüstü gəlir,
Yatmayın, ay adamlar!
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.